Adambaşına düşən ÜDM nə qədərdi?

2018-ci ilin yanvar-may aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 29,29 milyard manata yaxın təşkil edib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

AzNews.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, adambaşına düşən ÜDM 2 991,1 manata bərabər olub.

Hesabat dövründə ölkənin qeyri-neft sektorunda istehsal olunmuş ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artıb, neft-qaz sektorunda isə artım qeydə alınmayıb.

Azərbaycanda ÜDM-in strukturunun 48,8 faizi (təxminən 14,3 milyard manat) sənaye sahəsində, 6,7 faizi (1,96 milyard manat) tikinti sahəsində, 3,5 faizi (1,037 milyard manat) kənd, meşə və balıqçılıq təsərrüfatlarında formalaşdırılıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 7 faizini təşkil edib.

Hesabata əsasən, xidmət sahəsində formalaşmış ÜDM-in 9,85 faizi (2,89 milyard manat) avtomovil nəqliyyatının ticarəti və təmiri, 6 faizi (1,77 milyard manat) nəqliyyat və anbar təsərrüfatı, 2,6 faizi (760,8 milyon manat) turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsi, 1,6 faizi (472,5 milyon manat) informasiya və kommunikasiya xidmətləri, 13,8 faizi (4,05 milyard) manat digər xidmət sahələrinin payına düşüb.