1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər - VİDEO

Xırda pullar olan 1, 3 və 5 qəpiklər demək olar ki, istifadə olunmur. Alış-veriş edərkən alıcılara çox vaxt qalıq olaraq 1, 3, 5 qəpik əvəzinə xırda istehlak məhsulu qaytarılır. Hətta iri marketlərdə belə xırda qəpiklərin qalıq kimi qaytarılması müşkül məsələyə çevrilir. Odur ki, əksər marketlərdə, eləcə də ticarət mərkəzlərində məhsulların qiyməti yuvarlaqlaşdırılaraq alıcılara təqdim edilir.

Bəs istifadə edilməyən 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilərmi?

İqtisadçı-ekspert Vüqar Bayramlının fikrincə, bu ticarət dövriyyəsində ciddi problem yaratmasa da, bəzi neqativ hallara gətirib çıxara bilər.

Mərkəzi Bankdan isə bildirirlər ki, xırda nominallardan imtina edilməsi qanuna ziddir. Bunu bir müddət əvvəl "Hesab vaxtı"na açıqlamasında Mərkəz Bankın sədri Elman Rüstəmov da təsdiqləmişdi. Buna baxmayaraq xırda qəpik pulların istifadə sahələri çox məhduddur. Nəqliyyat sistemində də xırda qəpik pullardan istifadəyə üstünlük verilmir. Odur ki, 1, 3 və 5 qəpikliklərin istifadədən kənar qalmaması və itkiyə çevrilməməsi üçün nağdsız ödənişlərin tətbiqini genişləndirməyə ehtiyac var. Artıq paytaxtın ictimai nəqliyyatında kartla ödəniş sisteminin tətbiqinə başlanılıb.//anspress//



AzNews.az