Vətəndaş götürdüyü krediti qaytarmazsa, nə baş verər? – Ekspert rəyi

Manatın devalvasiyasından sonra problemli kreditlərin sayı çoxalıb. Bu, rəsmi məlumatlarda da öz əksini tapıb.


Bəs vətəndaş götürdüyü krediti geri qaytarmazsa, ona qarşı cinayət işi açıla bilərmi?

AzNews.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı öz Facebook hesabında yazıb. O bildirib ki, krediti qaytarmadığına görə, heç kimi cinayət və ya inzibati məsuliyyətə cəlb edə bilməzlər: "Bu, həm beynəlxalq, həm də milli qanunvericiliyimizdən irəli gəlir.

Məsuliyyətiniz yalnız mülki ola bilər. Yəni kredit əmlakınızdan tutula bilər. Bu da yalnız məhkəmə qərarı əsasında ola bilər.

Deməli, əmlakınız yoxdursa, kreditin qaytarılması qeyri-mümkündür. Məsələn, adınıza "kupça"lı (sərəncam əsasında yox) daşınmaz əmlak və ya "texpasport"lu ("doverennost"lu yox) avtomobil yoxdursa, faktiki olaraq bank çarəsizdir. Daşınar əmlakınızın alınması isə müşkül məsələdir, çünki sizə mənsubiyyətini sübut etmək çətindir. Banklar heç buna girişmir də adətən.

Adınıza qeyd edilən əmlak olsa belə, bilin ki, orta səviyyəli hüquqşünas vasitəsilə məhkəmə və icra proseslərini azı 3 il uzada bilərsiniz. Yəni bank azı 3 il çarpışmalıdır ki, həmin əmlakı əlinizdən alsın. Həm də ki, alıb nə edəcək? Satıb pulunu götürməlidir (satanda elə siz və yaxın adamınız ala bilərsiz). Banka bu sərf etmir. Ona görə də niyyətinizi bilsə, sizə güzəşt edəcək".


Bəs kredit aylıq gəlirlərdən tutula bilərmi?

Əkrəm Həsənov bu məsələyə də aydınlıq gətirib. O kredit götürən şəxsin gəlirinin rəsmi olduğu təqdirdə tutula biləcəyini qeyd edib: "Əmək müqaviləsi üzrə işləyirsinizsə, məhkəmə qərarı əsasında əmək haqqınızdan bankın xeyrinə aylıq əsasda cüzi məbləğ tutula bilər. Bu da o deməkdir ki, məsələn, bank 1 illik verdiyi krediti 10 il ərzində geri alacaq.

Krediti alandan sonra siz ağasınız, bank qul, siz atdasınız, bank piyada. Vətəndaş öz şərtlərini diktə edə bilər".