Amerika Universitetində ölkəmiz müzakirə edildi

Amerika Universitetinin Qara dəniz və Xəzər dənizi hövzəsi üzrə Araşdırmalar Mərkəzində "Azərbaycan: təbii qazın Avropaya nəqlində artan tələbatın ödənilməsinə strateji təsiri" mövzusunda tədbir keçirilib.

Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornel, Avropa İttifaqının ABŞ-dakı Nümayəndəliyinin Enerji, Nəqliyyat və Ətraf Mühit məsələləri üzrə şöbəsinin müdiri Kristian Börqsmuller, BP-nin Qlobal hökumət və Beynəlxalq əlaqələr departamentinin baş direktoru Qreq Saunders, Azərbaycanın ABŞ-dakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Nərgiz Qurbanovanın iştirak etdiyi müzakirələrdə təbii resursların nəqli əsas diqqətdə olub.

Növbəti 10 il ərzində qaza olan tələbatın artacağını bildirən araşdırmaçı S.Kornel Xəzər regionunda, o cümlədən Azərbaycandan 30 milyard kubmetr həcmində qazın ixrac olunmasının bu baxımdan önəmli olduğunu qeyd edib.

Avropanın enerjiyə olan tələbatının ödənilməsi üçün enerji resurslarının nəqli yollarının şaxələndirilməsi olduğunu qeyd edən avropalı diplomat K.Börqsmuller bu baxımdan "Cənub dəhlizi" layihəsinin reallaşdırılmasının böyük önəm daşıdığını və Azərbaycanın bu layihədə aparıcı rol oynadığını bildirib.

BP-nin əməkdaşı Q.Saunders çıxışında Avropanın enerji təhlükəsizliyinin təminində Xəzər dənizinin enerji ehtiyatlarının əhəmiyyətindən danışıb və Xəzər regionunun Avropaya ən yaxın alternativ enerji mənbəyi olduğunu vurğulayıb. O, həmçinin Şahdəniz layihəsinin həyata keçirilməsinin Xəzər dənizində digər enerji layihələrinin reallaşdırılmasına təkan verə biləcəyini əlavə edib.

Nərgiz Qurbanova həyata keçirilən enerji layihələrinin regionda sosial və iqtisadi irəliləyişlərin əsasında dayandığını vurğulayıb. O, Azərbaycanın Xəzər dənizi regionunu ABŞ və Avropa şirkətlərinə əməkdaşlığa açmasını uğurlu strateji seçim kimi dəyərləndirib və onun ölkəmizin suverenlik və siyasi müstəqilliyini möhkəmləndirməsinə imkan verdiyini deyib.

Hazırda Azərbaycanın əsas məqsədinin Avropa bazarını rəqabətədavamlı və etibarlı enerji resursları ilə təmin etmək olduğunu qeyd edən N.Qurbanova enerji layihələrinə ABŞ tərəfindən siyasi dəstəyin verilməsinin vacib olduğunu bildirmiş və bu xüsusda Dövlət Katibi Hillari Klintonun bir gün əvvəlki çıxışında "Cənub Dəhlizi" layihəsinə ABŞ hökumətinin dəstəyini ifadə etməsini təqdirəlayiq olduğunu vurğulayıb.

Sonda tədbir iştirakçıları Azərbaycanın enerji tarixindən bəhs edən sərgi ilə tanış olublar.

Gültəkin Qəhrəmanlı
AzNews.az