"Pensiya-sığorta sisteminin əhatəliyini genişləndirmək probleminin ciddiliyi hökumətdə başqa alternativləri saxlamayacaq" "Pensiya-sığorta sisteminin əhatəliyini genişləndirmək probleminin ciddiliyi hökumətdə başqa alternativləri saxlamayacaq"

“Pensiya yaşı 65-ə qədər artırıla bilər” - Ekspert

"Pensiya-sığorta sisteminin əhatəliyini genişləndirmək probleminin ciddiliyi hökumətdə başqa alternativləri saxlamayacaq"


AzNews.az xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev "insanların iş və ya peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluğun yaradılmasına ehtiyac var" fikrinə münasibətində deyib.



Q.İbadoğlu vurğulayıb ki, pensiya yaşı gələn ildən 65-ə qaldırıla bilər. O, bunun başlıca səbəbini pensiya fondunun maliyyə durumunun pisləşəcəyində görür: "Fondun maliyyə dayanıqlığına 2 başlıca amil mənfi təsir göstərir. Birincisi, əmək pensiyası alanların sayı ildən-ilə artır. Hazırda onların sayı 1,3 milyona çatıb və say tərkibinə görə əmək pensiyaçılarının 61 faizə qədəri yaşa görə təqaüdə çıxanlardır. İkincisi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi artdığı halda onun daxilolmaları xüsusilə də özəl sektordan ayırmalar azalır. Növbəti il üçün Fondun büdcəsi 3 milyard 78 milyon 600 min manat təklif olunub ki, onun da 60 faizə qədəri büdcə mənbəli maliyyələşmədən formalaşacaq".

Q.İbadoğlunun fikrincə, son illər dövlət büdcəsinin xərclərinin azalması fonunda bu sahədə öhdəliklərə gələcəkdə problem yaranacağı aydın görünür: "Digər problem isə iş yerlərinin ixtisarı və əmək haqqı fondunun kiçilməsi ilə bağlıdır. Növbəti ilin büdcə-vergi siyasətində sosial sığorta ayırmalarında artıma nail olmaq hökumətin qarşısında vəzifə kimi qoyulsa da bu o qədər də asan olmayacaq. Çünki, dövlət pensiya sisteminin normal maliyyələşməsi üçün 1 pensiyaçıya mütənasib olaraq 3 işçi fəaliyyət göstərməli və onlar müntəzəm olaraq sosial sığorta ayırmaları etməlidir. Azərbaycanda bu göstərici 2 dəfədən də aşağıdır. Görünür pensiya-sığorta sisteminin əhatəliyini genişləndirmək probleminin ciddiliyi hökumətdə başqa alternativləri saxlamayacaq".

Q.İbadoğlu hesab edir ki, BMT-nin insan inkişafına dair illik hesabatında da Azərbaycan orta ömür müddətinə görə, 187 ölkə arasında 125-ci yeri bölüşür: "Hesabatda Azərbaycanda orta ömür müddəti 67 göstərilir. Dövlət Statistika Komitəsində isə bununla razılaşmırlar. Komitənin açıqlamasına görə, Azərbaycanda orta ömür müddəti 73,8-dir. Kişilərin orta yaş həddi 71,2, qadınların isə 76,5".

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev mətbuata açıqlamasında insanların iş və ya peşə fəaliyyəti müddətləri ilə pensiyaya çıxma yaşı arasında müəyyən uyğunluğun yaradılmasına ehtiyac olduğunu deyib. O variantlardan biri kimi pensiya yaşının 65-ə qaldırılacağını qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az