- Köhnə - İqtisadiyyat
- 24 Oktyabr 2012 08:02
- 4 099
BP Azərbaycanda neft hasilatını artıracaq
Bununla bağlı hazırlanacaq proqrama əsasən, 2013-cü ildə "Əsrin Müqaviləsi" çərçivəsində neft hasilatı 2012-ci il həddində, yəni 33 mln. ton, 2014-cü ildə isə 35 mln. ton səviyyəsində proqnozlaşdırılır. Sonradan, 2014-2024-cü illərdə neft hasilatının sabit qalması, o cümlədən 2020-ci ilədək ildə 33-34 mln. ton təşkil etməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.
Onun sözlərinə görə, neft hasilatının sabitləşməsi ilə bağlı dövlət başçısının tapşırıqlarından sonra bu məsələ Londonda ARDNŞ-in böyük nümayəndə heyəti ilə "BP Global" şirkəti arasında müzakirə edilib. Müzakirələrdə "Əsrin Müqaviləsi"nin Rəhbər Komitəsinin tərkibində yeni alt komitənin yaradılması qərara alınıb. Bu alt komitə müqavilənin operatoru üçün 2013-cü və 2014-cü illər, eləcə də 2014-2024-cü illər üzrə iş proqramı hazırlayacaq.
"Hazırda bu proqram ətrafında danışıqlar və müzakirələr aparmaq üçün BP şirkətinin üç vitse-prezidenti artıq Bakıdadır, onlar ARDNŞ ilə birlikdə bu proqram üzərində işləyirlər. Ekspertlərimiz bu proqramın yaxşı nəticələr verəcəyini bildirirlər", - deyə R.Abdullayev bildirib.
AzNews.az