İlham Əliyev: “İnsanların sağlamlığı ən vacib məsələdir”

"Gözəl xəstəxanalar, müasir avadanlıqlarla təchiz edilən böyük tibb mərkəzləri, Bakı şəhərində ən yüksək standartlara cavab verən yeni tibb mərkəzləri yaranmışdır. İndi Azərbaycanda ən ağır əməliyyatlar həyata keçirilir"

AzNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayon ictimaiyyəti ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan hökuməti sosialyönümlü siyasət yürüdür: " Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Sosial məsələlərin içində səhiyyə xidməti xüsusi yer tutur. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün Azərbaycan dövləti bütün lazımi tədbirləri görür və bu məsələyə kompleks şəkildə yanaşır".

"Ölkəmizdə sosialyönümlü digər tədbirlər də geniş vüsət alıb. Məktəb tikintisi, digər sosial obyektlərin, sosial infrastrukturun yaradılması məsələləri də uğurla öz həllini tapır. Beləliklə, ölkəmiz hərtərəfli inkişaf edir, ölkəmizin bütün bölgələri inkişaf edir. Vaxtilə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. İkinci Dövlət Proqramı gələn ilin sonunda başa çatacaq. Beləliklə, nəzərdə tutduğumuz bütün məsələlər, bölgələrin inkişafı ilə bağlı bütün məsələlər öz həllini tapacaq", - İlham Əliyev deyib.

Prezident deyib ki, səhiyyə məsələləri Azərbaycanda prioritetlərdən biridir: "Bu sahədə aparılmış islahatlar artıq öz gözəl nəticələrini verməkdədir. Həm gözəl xəstəxanalar, müasir avadanlıqlarla təchiz edilən böyük tibb mərkəzləri, Bakı şəhərində ən yüksək standartlara cavab verən yeni tibb mərkəzləri yaranmışdır. İndi Azərbaycanda ən ağır əməliyyatlar həyata keçirilir. Vaxtilə bu əməliyyatlar üçün bizim vətəndaşlarımız başqa ölkələrə getməyə məcbur idilər. İndi ən ağır əməliyyatlar da Azərbaycanda yüksək səviyyədə həyata keçirilir. Eyni zamanda, maarifləndirmə işləri də yüksək səviyyədə təşkil olunmalıdır. Mən demək olar ki, hər bir xəstəxananın, diaqnostika mərkəzinin açılışında qeyd edirəm ki, hər bir vətəndaş ildə bir dəfə müayinədən keçməlidir. İndi buna şərait də imkan verir. Əvvəlki dövrdə bu mümkün deyildi".

"Elə vətəndaşlar var ki, öz sağlamlıqlarına biganə yanaşırlar. Hesab edirəm ki, bu, dözülməz haldır. Çünki indi şəraitlə bağlı heç bir problem yoxdur. Diaqnostika mərkəzləri, mərkəzi rayon xəstəxanalarında ən müasir diaqnostika avadanlıqları, tomoqrafiya, ultrasəs cihazları - hər şey vardır. İnsan öz sağlamlığını özü qorumalıdır. Dövlət, əlbəttə, öz tərəfindən bütün lazımi tədbirləri görür. Ancaq insanların sağlamlığı onların əlindədir. İldə bir dəfə, bir neçə saat vaxt sərf etməklə insan öz sağlamlığını qorumuş olur, pis xəstəliklərdən özünü sığortalayır. Beləliklə, cəmiyyət üçün, ailə üçün öz xidmətlərini göstərmiş olur", - dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, son illər ərzində aparılan islahatlar nəticəsində statistik göstəricilər də yaxşılığa doğru inkişaf edir: "Məsələn, Azərbaycanda insanların ömrünün uzunluğu artır. Bu, hər bir ölkənin ümumi inkişafını göstərən amildir. Uşaq ölümü azalır. Əfsuslar olsun ki, bu göstərici hələ lazımi səviyyədə deyil, ancaq dinamika müsbətdir. Yeni gözəl xəstəxanaların, xüsusilə doğum şöbələrinin fəaliyyəti nəticəsində uşaq ölümü, ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsində olmalıdır. Bu statistika daha da müsbət ola bilərdi. Gərək maarifləndirmə işləri daha da geniş vüsət alsın və insanlar öz sağlamlığına daha da böyük həssaslıqla yanaşsınlar. Mən bunu arzulayıram".

İlkin Pirəli
AzNews.az