"Qarşıdakı aylarda neftin qiymətində artım olacaq". "Qarşıdakı aylarda neftin qiymətində artım olacaq".

“Neft istehlakçılarını çətin günlər gözləyir” - İranlı nazir

"Qarşıdakı aylarda neftin qiymətində artım olacaq".

Bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə deyib.

“ABŞ İranın neft ixracını sıfıra endirməyin mümkün olmadığını gördü və buna görə də, İrandan neft idxal edən bəzi ölkələrə güzəştə getdi. Lakin həmin istisnalar bazarda tələbatı ödəməyə kifayət etmədi. ABŞ-ın İrana qarşı sanksiyaları səbəbindən dünya səviyyəsindəki neft istehlakçılarını çətin günlər gözləyir”, - deyə nazir bildirib.

O, ABŞ-ın aralıq seçkilərə qədər neftin qiymətini aşağıda saxlamağı bacardığını bildirib: “Lakin qarşıdakı aylarda neftin qiymətində artım olacaq”.

Xatırladaq ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi noyabrın 5-də qüvvəyə minib. Sanksiyalar çərçivəsində İrandan neft idxalını əhəmiyyətli dərəcədə azaldan 8 ölkəyə - Türkiyə, Çin, Hindistan, Koreya Respublikası, İtaliya, Yunanıstan, Yaponiya və Tayvana 180 günlük müvəqqəti güzəşt tətbiq olunacaq.

ABŞ Prezidenti Donald Tramp mayın 8-də ölkəsinin nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra İrana qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ştatların İrana qarşı sanksiyalarının 90 və 180 günlük ara ilə iki mərhələdən ibarət olacağını bildirmişdi. 90 gündən sonra ilk sanksiya paketi avqustun 7-də qüvvəyə minib. 180 gündən sonra, yəni noyabrın 5-dən ikinci sanksiya paketi tətbiq olunmağa başlayıb. Sanksiyalar İranın liman operatorları, yük və gəmiqayırma sektorunu, İran İslam Respublikasının Gəmiçilik Xətləri (IRISL Group), Cənub Gəmiçilik Xətti şirkətləri və digər əlaqədar təşkilatları, İran Milli Neft Şirkəti (NIOC) və Milli Tanker Şirkəti (NITC) daxil olmaqla İrandan neft, neft məhsulları və neft-kimya məhsullarının satışını, eləcə də maliyyə sektorunu hədəf alıb.

Birləşmiş Ştatlar bu sanksiyalardan sonra İranın sutkalıq neft ixracının 1 milyon barrel azalacağını gözləyir.(AZƏRTAC)

AzNews.az