Ruhani ABŞ sanksiyalarından danışdı - "Bu şərtlərdə müzakirə istəmirik"

Ağ Ev 40 il ərzində İrana qarşı silahla mübarizə aparmağı planlaşdırır

İran prezidenti Həsən Ruhani paytaxt Tehranda şiə din adamları ilə görüşüb.

AzNews.az az xarici mediaya istinadən xəbər verir ki, Ruhani görüşdə ABŞ sanksiyaları ilə bağlı danışıb.

O, Ağ Evdə oturanların ötən 40 il ərzində İrana qarşı təzyiq və silahla mübarizə aparmağı planlaşdırdıqlarını, bu gün isə bütün bunları cəmləşdirdiklərini bildirib:

"Düşmən davamlı olaraq gərginliyi İranın başlatmağını istəyirdi, ancaq bunu etmədik. İçəridə də kimlərsə nüvə razılaşmasından çıxmağımızı gözləyirdi, amma bu vəziyyətdə müqavimət göstərmək çətin idi. Əgər ABŞ-ın təhrikləri ilə nüvə razılaşmasından çıxsaydıq, bu gün hökümətin xalqa doğru atdığı addımları müdafiə etmək çox ağır və qarışıq olardı. Belə bir vəziyyətdə ABŞ-ın xaricində beynəlxalq ictimaiyyət və BMT ölkəmizə sanksiya tətbiq edərdi".

Ruhani ABŞ-ın sanksiyalarina qarşı xalq və ölkəni idarə edənlər arasında fikir ayrılığı olmadığını deyib. O, müzakirə və diplomatiya tərəfdarı olduğunu, ancaq bu şərtlərdə müzakirəni heç bir formada qəbul etmədiyini vurğulayıb.

Prezident BMT-nin keçən ilki iclası zamanı 5 böyük ölkə liderinin Trampla görüşməsi üçün vasitəçi olduğunu bildirib: "ABŞ-ın Dövlət Katibliyi 8 dəfə müzakirə tələb edib. Bu günkü şərtlər müzakirə üçün yox, müqavimət və mübarizə şərtləridir".

Pərvanə Ağazadə

AzNews.az