İranda bütün dini tədbirlər ləğv edildi

Siyasətçinin çıxışını İranın dövlət televiziyası yayımlayıb

İran Prezidenti Həsən Ruhani yeni növ koronavirus pandemiyası ilə əlaqədar ölkədə ənənəvi dini ziyarətlərə və hər il keçirilən İmam Hüseynin ölümü ilə əlaqədar 40 mərasiminə həsr olunan yürüşlərin ləğv edildiyini bəyan edib.

AzNews.az bildirir ki, siyasətçinin çıxışını İranın dövlət televiziyası yayımlayıb.

“İraq hakimiyyəti bu il zəvvar qəbul edə bilməyəcəklərini bəyan etməsi səbəbindən İraqa yürüş və ya səfərlərin olmayacağına dair qərar verildi", - deyə siyasətçi çıxışında bildirib. Prezidentin sözlərinə görə, İranın ali dini lideri Əli Xameneinin nümayəndələri dini tədbirlərin evdə keçirilməsinə dair tapşırıq verib.

Bundan əlavə, Ruhani Tehranda maska taxmayan insanlara cəza tətbiq etmək üçün xüsusi plan hazırlamaq və onu cümə axşamı Koronavirusa Qarşı Mübarizə Qərargahının iclasında təqdim etmək barədə sərəncam verib.

“Bu plan əvvəlcə Tehranda, daha sonra ölkənin digər ərazilərində tətbiq ediləcək", - deyə Ruhani sözlərinə əlavə edib.