Şəxsiyyət vəsiqəsini isə 9 ay mübarizədən sonra əldə edə bildi Şəxsiyyət vəsiqəsini isə 9 ay mübarizədən sonra əldə edə bildi

Soydaşımız İranda qızına elə bir ad qoydu ki...

Şəxsiyyət vəsiqəsini isə 9 ay mübarizədən sonra əldə edə bildi

İranın Ərdəbil şəhərində yaşayan, görmə əngəlli küçə musiqiçisi - Azərbaycan türkü Seccad Colaninin yeni doğulan qızına türk adı vermək üçün apardığı mübarizə 9 aydan sonra nəticə verib.

Aznews.az Türkiyə mediasına istinadən bildirir ki, bu barədə o, Anadolu Agentliyinə (AA) danışıb.

Colani 9 aydan sonra qızına Ərdəbilin Əhali Müdürlüyü tərəfindən "oyan" və "ayağa qalx" mənasını ifadə edən, türkcə "Ayıl" yazılı şəxsiyyət vəsiqəsini nəhayət ki, ala bilib.

Gözdən əlil ata rəsmi quruma gedərək səlahiyyətlilərdən körpəsinə "Ayıl" adı vermək istədiyini söyləyib. Onlara "əgər şəxsiyyət vəsiqəsini verməsəniz, ofis binasının qarşısında ailəmlə birlikdə oturaq aksiyaya başlayacağam" deyib.

Ancaq bu israrları düz 9 ay çəkib. Nəhayətdə isə o, istəyinə nail ola bilib.

Colani, bu müddətdə ona dəstək olan hər kəsə minnətdarlığını bildirib və İranda körpələrinə türkcə ad qoymaq istəyən ailələrin probleminin ən qısa zamanda həll olunacağına ümid etdiyini dilə gətirib.

"Bəzi ailələr övladına türkcə ad qoya bilmədikdə, uşaqlarının şəxsiyyət vəsiqələrinə fars adları yazdırırlar, ancaq evlərində onları türk adı ilə çağırırlar"- deyə söyləyib.

Daha sonra Colani əlavə edib:

"İranda yaşayan türklər övladlarına türkcə ad qoymaqda problem yaşayırlar. Bu cür ailələr çoxdur, lakin təzyiqlər üzündən bu məsələni mediaya çıxarmaqdan qorxurlar. Bəzi uşaqların valideynləri dövlət idarələrində işləyirlər və israr etdikləri təqdirdə işdən çıxarıla bilərlər. Bu kimi səbəblərdən onlar uşaqlarına türkcə ad verə bilmirlər. Uşaqlara farsca adlar yazdırırlar, ancaq evdə onları türkcə adlandırırlar. Yəni məktəbdə bir ad, evdə başqa ad. Bu, ölkəmizdəki sosial və psixoloji problemdir. İran səlahiyyətliləri bu problemi bir an əvvəl həll etməlidir".

AzNews.az