ŞOK: Əvvəlcə qardaşını öldürdü, sonra onun həyat yoldaşı ilə ər-arvad kimi yaşadı ŞOK: Əvvəlcə qardaşını öldürdü, sonra onun həyat yoldaşı ilə ər-arvad kimi yaşadı

Qardaşını öldürüb ayaqyolunda gizlədən qatilin dramı

ŞOK: Əvvəlcə qardaşını öldürdü, sonra onun həyat yoldaşı ilə ər-arvad kimi yaşadı




Azərbaycan həmişə möhkəm ailə ənənələrinin olması ilə öyünüb. Möhkəm bağlarla bağlanan ailəni qoruyub saxlamaq, ailəni yad gözlərdən qorumaq üçün istənilən addımı atmağa hazır soydaşlarımızın sayı minlərlədir. Ailə üzvləri, qardaşı, bacısı, atası, anası, oğlu və qızı üçün öz canını qurban verən insanlar da az olmayıb. Bu gün danışacağımız hadisəni isə Azərbaycan ailəsi ənənələrinə heç cür aid etmək olmur.

Sizlərə təqdim edəcəyimiz məqalədə cərəyan edən hadisələri goranboylular yəqin ki, uzun illər unutmayacaq. Çünki doğma qardaşını öldürüb meyitini ayaqyoluna atmaq, sonra isə onun həyat yoldaşı ilə bir bir yastığa baş qoymağı heç cür ağla sığışdırmaq olmur.

Doğma qardaşını qətlə yetirməkdə təqsirli bilinən Nurlan Alcanov 1986-cı ildə Goranboy rayonunda anadan olub. Məhkəmə yolu ilə müəyyən edilib ki, təqsirləndirilən şəxsin qardaşı Ruslan Alcanov öz həyat yoldaşını Nurlan Alcanova qısqanıb. Bu səbəbdən də iki qardaş arasında narazılıq və dava-dalaş yaranıb. Arvadını qardaşına qısqanan Ruslan Nurlandan ata evini həmişəlik tərk etməyi tələb edib. Nurlansa ailə daxilində yaranan söz-söhbətlərə birdəfəlik son qoymaq qərarına gəlib. Növbəti dava-dalaş zamanı qardaşı tərəfindən əzişdirilən Nurlan evdən götürdüyü balta ilə onun baş nahiyəsindən zərbə endirib. Zərbənin təsirindən Ruslan hadisə yerindəcə dünyasını dəyişib. Cinayətin izini itirmək məqsədi ilə meyiti həyətdəki ayaqyoluna atıb və üstünü torpaqlayıb. Sonra isə qardaşı arvadını evə gətirərək, həbs olunan günə qədər onunla qeyri-rəsmi ər-arvad kimi yaşayıb.

"Ruslan mənə başa salmağa çalışırdı ki..."

Təqsirləndirilən şəxs qismində dindirilən Nurlan Alcanov ona qarşı elan olunan ittihamla özünü təqsirli bilib. 2007-ci ilin yanvar ayında hərbi xidmətdən qayıdan Nurlan qardaşı və onun ailəsi ilə bir evdə yaşayıb. Doğma qardaşı Ruslan həyat yoldaşı Sahibəni qardaşına da qısqanıb. Bu səbəbdən də qardaşların münasibətləri getdikcə pozulur. Onların aralarında tez-tez mübahisələr yaranır ki, bu da onların biri-birini təhqir etməsi, döyməsi ilə sonuclanır. Davam edən bu hadisələrdən getdikcə bezən Ruslan 2008-ci ilin fevral ayının sonlarında arvadını və azyaşlı qızını özü ilə apararaq Gəncə şəhərində yaşayan qayınanası evinə qoyur. Sonra isə özü yenidən öz rayonlarına qayıdır. Bir müddət sora isə qardaşı ilə aralarında yenidən mübahisə yaranır. 5 mart 2008-ci ildə axşam saat təxminən 21:30 radələrində Ruslan öz həyat yoldaşını qardaşına qısqamasını növbəti dəfə Nurlanın nəzərinə çatdırır.

Nurlan Alcanovun verdiyi ifadəyə görə, bu zaman aralarında yaranan mübahisə sonda əlbəyaxa davaya çevrilib: "Ruslan mənə başa salmağa çalışırdı ki, onun ailəsi ilə bir yerdə yaşamağım mümkün deyil. O, məndən tələb edirdi ki, evi tərk edib başqa yerə köçüm. Mən isə Ruslanın dedikləri ilə razılaşmaq istəmirdim. Ruslan fiziki cəhətdən məndən güclü olduğundan hətta tez-tez məni döyürdü də. Bu dəfə də Ruslan məni döyməyə başladı".

Ruslan tərəfindən döyülməyinə dözməyən Nurlan bu dəfə evdən götürdüyü balta ilə onun baş nahiyəsinə bir zərbə endirir. Zərbənin təsirindən Ruslan huşunu itirərək yerə yıxılır.

Qardaşının hərəkətsiz qaldığıını görən Nurlan ona yaxınlaşdıqda artıq qardaşının keçindiyini görür: "Özümü elə itirmişdim ki, nə edəcəyimi bilmirdim. Əvvəlcə qorxsam da, sonra artıq hadisənin baş verdiyini və bunu dəyişə blməyəcəyimi düşündüm. Bundan sonra isə cinayətin izini itirmək qərarına gəldim".

Bu məqsədlə Nurlan qardaşının meyitini sürüyüb həyətin ortasına aparır. Cəsədi həyətdəki ayaqyoluna atır. Daha sonra evə qayıdıb qardaşının qanlı paltarlarını və yataq ləvazimatını da götürüb ayaqyoluna tullayır. Daha sonra ayıqyolunu torpaqla basdıraraq evə qayıdır. Evdə olan qan izlərini yuyub təmizləyir.

"Qardaşımı öldürdüyümü onun arvadından gizlətdim"

Hadisənin səhərisi günü Nurlan qardaşının həyat yoldaşı Sahibəyə zəng vurur. Qardaşı Ruslanın işləmək məqsədi ilə Bakıya getdiyini bildirən Nurlan ondan uşağını da götürüb evə qayıtmasını xahiş edir. Qardaşını öldürməsi ilə bağlı ona heç bir söz deməyən Nurlan Sahibəyə və qızına özünün baxacağını bildirir: "Ona öz arvadım kimi saxlayacağımı vəd etdim. 15 may 2009-cu ilə kimi Sahibə ilə faktiki ər-arvad kimi yaşamışam".

Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilən Sahibə Qurbanova Ruslan Alcanovun həyat yoldaşı olduğunu bildirib. Onun sözlərinə görə, Ruslan Goranboydakı atası evini təmir etdirdikdən sonra Sahibəni oraya gəlin gətirib:

"2007-ci ilin yanvar ayında qaynım Nurlan əsgərlikdən qayıdıb bizimlə bir evdə yaşamağa başladı. Nurlan meyvə yeşikləri düzəltməklə bərabər, ev təmiri ilə məşğul olurdu. Ruslan qayıdandan təxminən bir ay sonra iki qardaş arasında mübahisə baş verdi. Ümumiyyətlə, onların arasında tez-tez dava-dalaş olurdu. Ruslan idmanla məşğul olduğu üçün fiziki cəhətdən Nurlandan güclü idi. O, tez-tez Nurlanı döyür, qazandığı pulları zorla tutub əlindən alırdı. 2007-ci ilin axırlarında Ruslan işləmək üçün Bakı şəhərinə getmişdi. Bakıda bir ay qaldıqdan sonra bir qədər pul qazanıb evə gətirdi. Həmin puldan evimizə "Samsunq" markalı televizor da almışdı. 2008-ci ilin fevral ayının axırında qızımın müalicəsi ilə əlaqədar Ruslan məni Gəncə şəhərinə - anamın evinə apardı".
Sahibə Qurbanovun sözlərinə görə, martın 5-də Ruslan günorta vaxtı Gəncəyə qaynanasının evinə gedir. Həyat yoldaşına onunla birlikdə öz evlərinə qayıtmasını deyir. Amma sonra razılaşırlar ki, Ruslan bir qədər pul tapandan sonra gəlib onları aparsın. Həmin gün gecə saat təxminən 23-24 radələrində Ruslan qaynanasının mobil telefonuna zəng vuraraq səhəri gün gəlib uşaqlarını aparacağını bildirir.
Səhəri gün Sahibə Ruslanın gəlib onları aparacağını gözləyərkən qaynı Nurlandan zəng gəlir. Nurlan qardaşının pal-paltarlarını yığışdırıb, Bakı şəhərinə işləməyə getdiyini bildirir. Ruslanın 10-15 günə qayıdacağını bildirən Nurlan qardaşının həyat yoldaşını və qızını evə gətirməsin xahiş etdiyini onlara çatdırır. Sahibə onunla razılaşdıqdan sonra Nurlan Gəncəyə gedərək onları evlərinə gətirir. Sahibə Ruslanın qəflətən Bakıya getmək qərarının səbəbləri ilə maraqlandıqda Nurlan onun tezlklə qayıdacağını bildirir.

Ruslanın öldürülməsi ilə bağlı ilk şübhə mərhumun qaynanasında yaranır

Qızını da götürüb Nurlanla birlikdə Goranboya gələn Sahibə evdə müəyyən dəyişiklilər görür. Yaşadıqları evdə döşəmənin yarıya qədər qırmızı rəngli boya ilə rənglənməsinin şahid olur. Bundan başqa Ruslan yatan dəmir çarpayının baş tərəfində divarda silinmə izləri olan ləkələr olur. Həmçinin, Ruslanın yorğanın üzlüyü, döşəyin altına qoyulan odeyal, Ruslanın dəst cins paltarı, ayaqqabıları, pencəyi evdə olmur. Həyətə çıxan Südabə daha bir dəyişkliyin şahidi olur. Həyətdə olan ayaqyolu dağılmış vəziyyətdə idi. Bunun səbəbini qayınından soruşanda isə maraqlı cavab alır. Nurlan bildirir ki, Ruslan yuxarıda sadalanan əşyaları özü ilə Bakıya aparıb. Getməzdən əvvəl isə evin döşəməsini rəngləyib. Həyətdəki ayaqyolunu isə külək uçurduğundan Nurlan üstünü torpaqla basdırıb.

Ruslanın ölümü ilə bağlı şübhələr isə "Novruz bayramı"nda, Sahibənin anasının qızının evinə qonaq gəlməsindən başlayır. Divardakı ləkələri görən Sahibənin anası Ruslanı axtarışa verdirəcəyini bildirir. Bu zaman Nurlan qardaşının telefon oğurluğu ilə məşğul olduğunu və şəkli televiziyada göstərilsə, pols tərəfindən həbs ediləcəyini deyir. Bundan sonra Nurlanla razılaşsalar da, Ruslandan xəbər çıxmaması onları hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qoyur. Bundan sonra hüquq-mühafizə orqanları evə baxış keçirir və Nurlan Alcanovu da dindirir. Bu zaman Nürlan qardaşını öldürərək həyətdəki ayaqyolunda basdırdığını etiraf edir.

İş üzrə dindirilən digər şahidlər - Aləmzər Əliyeva, Fərqanə Əsgərova, Elman Bayramov, Cəlal Şükürov, Nadir Ələkbərov ifadələrində zərərçəkmiş şəxsin göstərdiklərinə uyğun ifadə veriblər. Onlar Nurlanın qardaşı Ruslanla dalaşaraq onu balta ilə vurub öldürdüyünü və həyətdəki tualetdə basdırdığını eşitdiklərini bildiriblər.

Məhkəmənin hökmü ilə Nurlan Alcanov 12 il müddətinə azadlıqdan məhrum edilib. Qardaşını qətlə yetirib ayaqyolunda basdıran Nurlan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ayxan
AzNews.az