- Köhnə - Kriminal
- 29 Mart 2013 09:10
- 2 961
“Ananın da, Mədinənin də boğazını sümüyə kimi kəsmişdi“- VİDEO

Onların bu dünyada heç nəyi yox idi. Nə bərli-bəzəkli yataq otağı, nə də yüksək həyat şəraiti. Əminəm ki, hər bir uşaq kimi onların da uşaq dünyası vardı və bir də onları bu dünyadan qoparıb o biri dünyaya atan bir zalım vardı bu dünyada.
Musa Quliyevdir onun adı. Hansı ki, 3 ay bu körpələrlə bir evi paylaşmışdı. Onların bu kasıb daxmasına sığınmış, əlini qanına batırdığı bu günahsız körpələrin başına dəfələrlə sığal çəkmişdi. Qaynı arvadı Nahidənin bişirdiyi yeməyi yemiş, süzdüyü çayı içmişdi. İndi isə qanını içirdi onların. Özü də belə amansızlıqla.
Öldürülənlərin qohumu Fariz Quliyev: "Ananın da, Mədinənin də boğazını sümüyə kimi kəsmişdi. Yaş yarımlıq Nurayın da boğazını kəsmişdi. Ondan heç nə qalmamışdı".
Əlini üç günahsız insanın qanına batırandan sonra polisə gəlib özünü təslim də edə bilərdi. Amma etməyib. Birbaş evinə gəlib. Bunu cəsarətsizilkdən etdiyini boynuna almır. Yarasının ağırlığı ilə əlaqələndirir.
Fikir verirsinizsə, onun hər iki əli xəsarətlidir. Körpələrin anası Nahidə ona asanlıqla təslim olmayıb. O, vuruşub. Qaynar suyu ataraq Musanın bir əlini yandırıb, qoluna isə bıçaqla xəsarət yetirib. Amma hər iki əlinin xəsarət alması da onun iki körpə, bir qadını öldürməsinə əngəl olmayıb. Qanı axa-axa evinə gəlib çıxan Musa Quliyevin ilk işi corabla öz yarasını sarımaq olub.
Saxlanılan şəxs Musa Quliyev: "Yuyulmuş təzə corabım vardı. Onu spirtdə islatdım, qoluma bağladım. Qan dərhal kəsdi".
Bundan sonra o qonşusu Vidadigilə keçib. Vidadinin məsləhəti ilə bacısıgilə gedib. Oradan da Cəlilabadın Günəşli kəndində yaşayan əmisigilə keçib. Bəs ana ilə körpələrini məhz Musa Quliyevin öldürdüyünü qohumları hardan və necə biliblər?
Öldürülənlərin qohumu Fariz Quliyev qeyd edib ki, bu olayla bağlı ilk ağlına gələn şəxs onların "yeznələri" olub: "Dərhal dedim ki, Musa edib. O, bizdən qisas alır".
Maraqlıdır ki, biri 4, o biri yaş yarımlıq iki körpənin başını kəsən Musa Quliyev özü də atadır və onun beş-altı yaşlarında bir oğlu var. Sual yaranır. Bəlkə o öz doğma balasını, bu uşağı da öldürəcəkdi? Onu tanıyanlar bu ehtimalı qətiyyən istisna etmirlər. Deyirlər ki, axır çərşənbədə oğlunun köhnə beşiyindən novruz tonqalı düzəldib, üstündən atılan adam əlbəttə ki, bunu təsadüfi etməyib.
Musa Quliyevin hədəfi konkret qaynı Məzahirin ailəsi deyildi. O balasına da, həyat yoldaşına da, bu ailədən olan hər kəsə də ziyan vura bilərdi. Bəs onun bu planından qohumlarının xəbəri vardımı? Sabahkı süjetimizdə Musa Quliyevin Cəlilabadın Günəşli kəndində yaşayan əmisini və başqa maraqlı təfərrüatları eşidəcəyik.
AzNews.az