- Köhnə - Kriminal
- 20 Aprel 2013 10:12
- 7 823
“Mafiya vəkili”ndən mühüm açıqlamalar
“Rövşən Lənkəranskiylə “Lotu Quli” arasındakı ziddiyyətlər peşəkar fəaliyyətimə təsir göstərmir”
"Kimin kiminləsə şəxsi münasibətləri mənim vəkillik fəaliyyətim üçün heç bir problem yaratmır. Mən şəxsləri müdafiə edirəm və bundan artıq məni heç bir söhbət maraqlandırmır".
Bunu həm kriminal aləmdə "Lotu Qulu" kimi tanınan Nadir Səlifovun, həm də onun düşməni hesab edilən Rövşən Lənkəranskiyə aid olduğu iddia edilən narkoticarətə görə məhkəməsi başlayanlardan biri – Ceyhun Əliyevin vəkili Kamandar Nəsibov deyib.
Vəkilin sözlərinə görə, müdafiə etdiyi "Lotu Quli" ilə Rövşən Lənkəranski arasındakı münasibətlər onun peşəkar fəaliyyətinə heç bir təsir göstərmir:
"O ki qaldı, məhkəməsi başlayanlardan müdafiə etdiyim Ceyhun Əliyevə, onun günahsız olduğunu düşünürəm. Buna görə də həm Nadir Səlifovun, həm də Rövşən Lənkəranskinin adı çəkilən bir işdə vəkil olmaqda problemli heç nə görmürəm".
K. Nəsibov bununla ictimaiyyət arasında "mafiya vəkili" kimi tanınacağı ilə bağlı narahatlığının olmadığını vurğulayıb: "Mən şəxslərin vəkiliyəm, mafiyaya heç bir aidiyyətim yoxdur. Vəkil qorxarsa o zaman gərək işləməsin. Bəzi həmkarlarım bandaların, MTN-nin adının çəkildiyi işləri qəbul etmirlər ki, mən belə işlərə qatılmıram. Mənim üçün isə şəxslərin hüquqlarının müdafiəsi əsasdır. Ümumiyyətlə isə heç bir mafiyadan söhbət gedə bilməz. Azərbaycanda mafiya yoxdur".
Bir çox vəkillərin uzaq durduğu işləri məhz yüksək qonorar qarşılığında qəbul etməsinə isə K. Nəsibov "Qonorarım şəxslərlə bağlı dəyişmir. Ümumi məxrəcə gəlməyə çalışırıq, əgər müştərini qane edirsə, o zaman işləyirik" deyə, münasibət bildirib.
Elnarə Əlosmanqızı
AzNews.az