Məhkəmə “Bandotdel”in qərarını qanunsuz hesab etdi - Foto

İşbazlar tərəfindən aldadıldığını bildirən qadınla bağlı məhkəmə qərarı açıqlanıb.


Vətəndaş Şəfəq Əliyeva tanışı İlqar Abdullayevin onun 320 min dollarını dələduzluq yolu ilə ələ keçirdiyini bildirib. Ş.Əliyeva müraciətində qeyd edib ki, işin araşdırılması üçün müraciət etdiyi Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi onun ərizəsinə baxmayıb və onun ünvanına işin mülki xarakterli olması barədə cavab məktubu göndərilib.

"Bandotdel"in işə baxmaqdan imtina barədə 06 oktyabr 2015-ci il tarixli qərarına Nərimanov rayon məhkəməsində qapalı iclasda baxılıb. Məhkəmənin qərarı ilə BCMCİ-nin cinayətin törədilməsi barədə məlumat xarakterli ərizənin qəbul edilməsindən imtina qərarı qanunsuz hesab edilib. Qeyd olunub ki, Cinayət prosessual qanunverciliyin tələblərinə uyğun olaraq qərar qəbul edilməsi üçün araşdırma aparılsın.

Məhkəmə müəyyən edib ki, Ş.Əliyeva öz ərizəsi ilə yalnız İlqar Abdullayevin barəsində deyil, digər şəxslərin barəsində də cinayət xarakterli məlumat verib: "Həmin şəxslərlə Ş.Əliyeva arasında hər hansı mülki mabahisənin və buna dair qüvvədə olan məhkəmə qərarının olması öz əksini tapmayıb".

Dələdulzuqda ittiham olunan İlqar Abdullayev Şəfəq Əliyevaya olan 355 min dollar borcunu, hər ay 1000 dollar ödəməklə, təxminən 29 il müddətinə ödəmək üçün məhkəməyə müraciət edib. Nəsimi rayon məhkəməsinin qərardadı ilə İ.Abdullayevin bu xahişi rədd edilib və onun hər ay üzrə ödəməli olduğu məbləğ müəyyənləşdirilib.



İlqar Abdullayev barəsində Saatşah Bayramov və Seyidxanım Bayramov da BCMCİ-yə müraciət edərək onların 23 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildiriblər.

Ş.Əliyeva bildirib ki, bir neçə gün öncə şikayətçi olduğu İlqar Abdullayev barəsində digər zərərçəkən Fəqan adlı şəxsin ərizəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzlu; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb və İ.Abdullayev barəsində axtarış elan olunub. Zərərçəkən Fəqan ərizəsində bildirib ki, İlqar Abdullayev onun 4490 manatını dələduzluq yolu ilə ələ keçirib.




Qafqazinfo.az