Səsi redaktə edən proqram yaradılır – İnanılmaz layihə



Səsi olmayan müğənnilər də canlı oxuyacaq Azərbaycanda yeni yaradılacaq proqramın tətbiqindən sonra daim fonaqramla oxuyan müğənnilər canlı çıxış edə biləcək. Proqramın istifadəçiləri təkcə müğənnilər olmayacaq. "Tuning Fork" layihəsi əsasında həyata keçiriləcək proqramdan natiqlər, TV və radio aparıcıları da istifadə edə biləcək. Proqram mahnı səslənərkən səsi, danışıqda isə tələffüzü "redaktə edəcək".

AzNews.az xəbər verir ki, bu barədə "Rabitə dünyası" qəzetinə müsahibəsində proqramın ideya müəllifi Dilarə Rüstəmzadə məlumat verib: "Bu proqramın köməkliyi ilə səsində qüsur olan şəxs televiziyalarda hətta əsas xəbər aparıcısı da ola bilər. Səsində qüsur olan və buna görə də telefonla danışanda utanan insanlar yaradacağımız proqramdan istifadə edərək komplekslərindən azad ola bilər.

Hazırda isə musiqi alətləri ilə İKT-ni birləşdiririk. Məsələn, xüsusi İT qurğusu yaradılacaq və o, musiqi alətlərinin kökdən düşdüyünü tutacaq, onu kökləməyin vacib olduğunu bildirəcək. Proqram hətta hansı tonu hansı tezliyə qədər kökləməyin lazım olduğunu da göstərəcək. Elə bir proqram yaratmaq istəyirəm ki, canlı oxuyan zaman xaric oxunuşları aradan qaldırsın. Yəni müğənni canlı oxuduğu vaxt xaric səsləri proqram təminatı avtomatik müəyyən edib real zaman daxilində onun düzgün səsləndirilməsini təmin edəcək. Heç kimin də bundan xəbəri olmayacaq".

Onun sözlərinə görə, istər ideya olaraq, istərsə də, iş olaraq "Tuning Fork" dünyada ilk olacaq: "Bu elə bir İT ideyasıdır ki, bu günə qədər dünyanın heç bir yerində olmayıb. Bunu ilk olaraq qlobal bazara mən gətirmişəm".

İdeyanın reallaşdırılması isə lazım olan maliyyə vəsaitini topladıqdan sonra mümkün olacaq. Bəs, tələb olunan vəsaitin məbləği nə qədərdir?

Dilarə Rüstəmzadə AzNews.az-a bu rəqəmi açıqlayıb: "Layihəni tam başa vurmaq üçün 200 min manat məbləğində vəsait lazımdır. Qeyd edim ki, burada iki komanda işləyəcək. Bizim üç nəfərdən ibarət olan komandamız 3 sayt üzərində aparılan işləri həyata keçirir. Bundan başqa səsin düzəldilməsi ilə Kibernetika İnstitutunda 5 nəfərdən ibarət komanda çalışacaq. İlkin versiya olaraq veb üzərində işləyirik. Onlayn karaoke yaradırıq. Yəni istifadəçilər bu sayta daxil olaraq mahnı oxuyacaqlar və biləcəklər ki, mahnını neçə faiz düz, neçə faiz isə səhv oxudular. Proqram özü lazım olan müqayisəni avtomatik olaraq göstərəcək və istifadəçiyə konkret olaraq harada xaric oxuduğunu və əslində necə oxunmalı olduğunu göstərəcək".

Müəllif hesab edir ki, ilkin versiya üçün bazar var: "Bu proqramı səs TV yarışmaların rəhbərlərinə, yəni televiziyalara satmağı düşünürük. Çünki bir çox mahnı yarışmalarda iştirakçı ilə jüri arasında mübahisə düşür. İştirakçılar yaxşı oxuduğunu, münsiflər isə əksini söyləyirlər. Bu zaman bizim proqramın köməkliyi ilə mübahisəni aradan qaldırmaq mümkün olacaq".

Hazırlanan karaoke həm də bir test olacaq: "Biz onlayn karaokeni ona görə yaradırıq ki, həm bazarı, tələbatı öyrənək, həm də özümüzün, layihələrimizin reklamını edək. Bir növ bununla yerli bazarı əldə edək və bundan sonra beynəlxalq bazara çıxaq".

Müəllif deyib ki, layihənin reallaşdırılması üçün təşkilati məsələlərin həllinə çoxdan başlayıblar:

"Qeyd edim ki, mən artıq beynəlxalq musiqi portalı olan "Spotify" şirkətinin nümayəndələri ilə distant əlaqələr qurmuşam. Onlar Bakıya gələndə də görüşlərimiz olub və dəstəklərini almışam. Sentyabr ayına qədər əlimizdə ideyamızla bağlı müəyyən məhsul hazır olacaq. Yəni Amerikaya təkcə ideya ilə deyil, eyni zamanda hazır məhsulla gedirik". Layihəsinin reallaşacağı təqdirdə proqramın böyük uğur qazanacağına inanan müəllif ideyasını şirkətə çevirək: "Lazımi vəsaiti tapandan sonra ideyamı "startup" vəziyyətindən şirkət formasına keçirəcəm. Bütün dünyada, o cümlədən şou sahəsində geniş imkanlar və böyük vəsait var. Burada da hər kəs informasiya-kommunikasiya texnologiyalarından yararlanmağa çalışır. Odur ki şou ilə İKT-ni birləşdirmək günün tələbidir".

Vəsait əldə olunması məsələsində müəllif ehtiyatlı davranmağa çalışır. Onun fikrincə, vəsait üçün arzularını qurban vermək fikrində deyil: "Startup Azərbaycan" müsabiqəsində qalib gələndən sonra bir sıra investorlar danışıqlarımız oldu. Ancaq onların şərtləri məni qane etmədi. İnvestorlar gəlirin 70 faizini özlərinə, 30 faizini isə mənə vermək istəyirdilər. Mənsə gəlirin 60 faizini istəyirəm. Yəni üstünlük mənim olmalıdır. Çünki bu, mənim ideyam, mənim məhsulumdur. Əgər gəlirin 30 faizi məndə, 70 faizi onlarda olacaqsa, bu, artıq şirkətin əlimdən çıxması deməkdir".

Ruhiyyə
AzNews.az