“Fikir bankı” yaradıldı


"Elektron hökumət" layihəsi vətəndaşlara daha bir yenilik təqdim edir.


Belə ki, "Elektron hökumət" layihəsinin rəsmi saytında "Fikir bankı" adlanan yeni xidmət internet istifadəçilərinin ixtiyarına verilib.

AzNews.az xəbər verir ki, "Fikir bankı" əslində sırf vətəndaş mövqeyinə hesablanıb. İnternet istifadəçisi olan istənilən şəxs rəsmi portalda "Fikir bankı"na daxil olaraq "Elektron hökumət" layihəsi çərçivəsində istənilən məsələni təklif edə bilər. www.e-gov.az portalındakı "Fikir bankı"nda qeyd edilən təklif saytın idarəçiləri tərəfindən təsdiqlənir.

Bu proses baş tutduqdan sonra, təklif saytda görünür. Həmin təsdiqlənmiş təklifi digər istifadəçilər də görmək imkanına malikdirlər. Saytda təklifi görən ziyarətçilər üçün iki düymə mövcuddur.

Bu düymələrdən biri "bəyənmək", digəri isə "bəyənməmək" adlanır. Ümumi olaraq internet istifadəçiləri bu iki düymə vasitəsilə saytda göstərilən təkliflərə qiyabi də olsa, öz rəylərini bildirə bilərlər.

"Elektron hökumət" layihəsində maraqlı olan internet istifadəçiləri "Fikir bankı"nda təklif göndərmək üçün şəxsiyyət vəsiqəsi və ya "Facebook" hesabı ilə autentifikasiya olunmalıdırlar.

Ruhiyyə
AzNews.az