Azərbaycanda Facebook reytinqi: Kimin səhifəsi daha məşhurdur? - Araşdırma

Bir müddət öncə AzNews.az siyasətçilərin sosial şəbəkələrdəki fəaliyyətini araşdıraraq bəzi siyasi liderlərin "facebook"dakı dostları barədə məlumat vermişdi.


Bu dəfə isə dövlət qurumlarının "Facebook"dakı fəaliyyəti gündəmə gəlib.

Belə ki, əksər dövlət qurumlarının saytları ilə yanaşı, rəsmi "Facebook" səhifəsi də fəaliyyət göstərir.

Məlum olub ki, "Facebook" vasitəsilə vətəndaşlarla daha aktiv işləyən qurumlar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, "Elektron hökumət" portalı və "ASAN xidmət"dir.

Adları çəkilən dövlət qurumları "Facebook"da vətəndaşların ünvanladığı heç bir sualı cavabsız qoymurlar.

Ümumiyyətlə, bu gün Azərbaycanda "Facebook" istifadəçilərinin sayı təxminən bir milyon yarıma yaxındır. Söz yox ki, bunların arasında fake (saxta) profillər də mövcuddur. Azərbaycanda bu gün ən çox istifadəçi toplamış "Facebook" səhifəsi məhz Azərbaycan adlanır.

"Azərbaycan" səhifəsinə üzv olan istifadəçilərin sayı artıq 500 min nəfəri ötüb. 2008-ci ildə yaradılmış Azərbaycan səhifəsinin əsas məqsədi Vətənimiz Azərbaycana aid məlumatlar, ölkəmizin görməli yerlərinin fotoşəkillərinin paylaşılması, gənclərimizin vətənpərvər ruhda tərbiyələndirilməsi istiqamətində materialların yerləşdirilməsidir.

Azərbaycanda dövlət xadimləri arasında lider "Facebook" səhifəsi ölkə başçısı İlham Əliyevindir. Səhifəni 267 000-dən artıq istifadəçi bəyənib. Növbəti yeri 180 000 istifadəçi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmi səhifəsi tutur. Üçlüyü isə 97 000 istifadəçi sayı ilə ölkənin birinci xanımı Mehriban Əliyevanın adına olan səhifə tutur.

Dövlət qurumları və təşkilatları arasında birinci yerdə 98000 istifadəçi ilə "Elektron hökumət" portalının rəsmi "Facebook" səhifəsi dayanır. İkinci yerdə 94 500 istifadəçi ilə "ASAN xidmət" mərkəzinin rəsmi "Facebook" səhifəsi qərarlaşır. Üçlüyü isə 43 000 izləyici ilə TQDK-nın rəsmi "Facebook" səhifəsi tamamlayır.

Ən tanınmış digər dövlət qurumları "Facebook"dakı istifadəçi sayına görə məhz bu cür sıralanır: Milli Sertifikat Xidmətləri Mərkəzi (e-imza) 33 500 Dövlət Neft Şirkəti – 33 000 Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 20 000 Vergilər Nazirliyi 16 000 Səhiyyə Nazirliyi 12000 Təhsil Nazirliyi 10 000 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 10 000 AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 5000 Strateji Araşdırmalar Mərkəzi 4 300 Diasporla İş üzrə Dövlət Komitəsi 3000 Milli Təhlükəsizlik Nazirliyi 2300 Azərbaycan Respublikasının Baş Prokurorluğu 1 500 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 1200 İqtisadiyyat və Sənaye Nazirliyi 820 Statistikadan da aydın olur ki, dövlət qurumları və təşkilatları arasında ən böyük istifadəçi aktivliyi "Elektron hökumət" portalındadır.

Bu da onu göstərir ki, vətəndaşlar "Elektron hökumət" layihəsindən daha çox razıdırlar və buna tələbat böyükdür. Elektron xidmətlər vətəndaşların problemlərini daha operativ və ədalətli həll edən bir mexanizmdir. Portalın rəsmi "Facebook" səhifəsinin 98 000-dən çox üzvü var.

Səhifənin baş admini Vüqar Abdullayev AzNews.az-a açıqlamasında bildirib ki, "Elektron hökumət" anlayışı vətəndaşlarımız üçün yenidır: "Ortaya çıxan çoxsaylı sualların operativ cavablandırılması əsas məqsədimizdir. Əlbəttə ki, bu kimi məsələlərin həyata keçirilməsində sosial şəbəkələr müasir dövr üçün ən uyğun vasitələrdən biri hesab edilə bilər".

Ruhiyyə
AzNews.az