Stasionar şəbəkədə nömrələrin daşınması mümkünləşdi



Bakı Telefon Rabitəsi İstehsalat Birliyi stasionar şəbəkədə nömrələrin daşınması xidmətini onlayn rejimdə bir gün ərzində həyata keçirir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzNews.az-a verilən məlumata görə, bu xidmət artıq Bakı şəhərinin stasionar rabitə şəbəkəsində təqdim edilir və istənilən abunə yaşadığı yerdən köçdüyü zaman öz telefon nömrəsini yeni ünvana köçürə bilər. Qeyd edək ki, bu xidmət Məlumat Hesablama Mərkəzinin saytında elektron xidmət kimi də təqdim edilir.

Odur ki, istənilən şəxs onlayn rejimdə öz nömrəsini bir ünvandan digər ünvana keçirmək üçün internet üzərindən müraciət edə bilər. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bu işi bir gün ərzində həll edəcək. Yeni xidmətin daha bir üstünlüyü onun on dəfə ucuzlaşmasıdır.

Belə ki, əvvəllər abunə yeni ünvana keçdikdə telefon nömrəsini yaşadığı yerin xidmət göstərildiyi stansiyaya təhvil verib, yeni ünvandakı stansiyadan yeni nömrənin ayrılması üçün 30 manat ödəyirdi. Telefon nömrəsinin ATS-in ərazisindən digər ATS-in ərazisinə daşınması isə cəmi 3 manata başa gələcək.

Ruhiyyə
AzNews.az