Dəmir yolları bir dispetçer mərkəzindən idarə ediləcək

Dəmir yollarının işarəvermə və rabitə sistemi yenidən qurulacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov AzNews.az-a bildirib ki, Bakı-Böyük Kəsik sahəsində elektrik təchizatı, işarəvermə və rabitə sisteminin tam yenidənqurulması nəzərdə tutulur və bu işin 4 il müddətində həyata keçiriləcəyi planlaşdırılır.

Bu işləri görmək üçün avtomatlaşdırılmış telemexanika, rabitə avadanlıqları və sistemləri tam dəyişdirilib yenisi ilə əvəz olunacaq.

N.Əzməmmədov qeyd edib ki, ötən ilin ikinci yarısında işarəvermə və rabitə sisteminin modernləşdirilməsi məqsədilə tender elan edilib.

Tenderin qalibi İsveçin "Bombardier" şirkəti olub. Ötən ilin noyabr-dekabr aylarında dəmir yolu nəqliyyatı mütəxəssisləri "Bombardier" şirkəti ilə birgə Böyük Kəsik-Gəncə (I etap) sahəsində texniki şərtləri hazırlayıblar. Hazırda layihə- quraşdırma işləri gedir.

Amid
AzNews.az