- Köhnə - Maraqlı
- 30 Mart 2014 09:22
- 3 588
Azərbaycanda rezidenturaya qəbul imtahanı keçirilir

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bakı şəhərində 1336 namizədin, Naxçıvan şəhərində isə 20 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 23 imtahan rəhbəri, 149 zal nəzarətçisi ayrılıb.
Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri yoxlanılacaq. Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.
İmtahanda namizədlərə baza fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi 2014-cü ilin iyul ayında keçiriləcək.
AzNews.az