Qəbir hansı halda açıla bilər? - Qaydalar

İslam və müasir ekshumasiya


Əsrlərdir ki, mədəniyyətimizin bir parçası olan İslam təfəkkürü ilə yaşayan xalqımızın uzun illər dindən uzaq düşməsi, müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizə qayıdışı, dini-elmi mövzuları bir daha aktuallaşdırıb. Bu cür aktual mövzulardan biri də, insan öldükdən sonra onun digərləri üzərində olan hüququ-cəsədinin toxunulmazlığıdır. İslam hüququnda belə bir cümlə yer alır: "Müsəlmanların məzarının açılması (uşaq, ruhi xəstə olsa belə), istisna olunmuş hallardan (cəsəd çürüyüb aradan getmişsə və ya hər hansı bir şəri-hüquqi əhəmiyyətdən ötrü) başqa qadağandır".

Məzarın açılması hüquqi termin olaraq "ekshumasiya" adlanır. "Ekshumasiya" sözü latın dilindən Azərbaycan dilinə hərfi mənada "torpaqdan çıxarılma" (exhumatio: ex – çıxarılma, humus – torpaq) anlamına gəlir. Ümumi mənada isə meyitin dəfn olunan yerdən çıxarılmasına "ekshumasiya" deyilir.

Ekshumasiya işinin şəri-hüquqi və Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsi (CPM) ilə tənzimlənən tərəfləri var. Bu məqalədə biz həm İslam dininin həm də qanunvericikdə nəzərdə tutulan qaydalar əsasında "ekshumasiya" işini araşdırmağa çalışacağıq.

Bu gün Azərbaycan Respublikasının Ədliyyə sistemi İslami qanunlarla idarə olunmasa da, daim xalqın adət və ənənəsinə, əsrlər boyu etiqad etdiyi əqidəsinə hörmətlə yanaşılır. Şeyxulislam Allahşükür Paşazadə həzrətlərinin başçılıq etdiyi Qafqaz Müsəlmanlar İdarəsini hüquqi tərəf kimi təmsil edən Qazılar Şurası şəriətlə bağlı məsələlər barədə öz fətvalarını verdikdə, Azərbaycan dövləti rəsmi sürətdə bu fətvaların icrasını hüquqi əsas kimi qəbul edir.



İslam hüququnda ekshumasiya

Müsəlman hüququ islamın tərkib hissəsi olmaqla, islam dinini qəbul edən və iman gətirən bütün müsəlmanlar üçün qanunvericilik əsasıdır. İslam hüququna görə insan öldükdən sonra müsəlmanların boynuna bir neçə haqq gəlir ki, bunlar - cəsədə qüsl vermək (yumaq), cəsədin yeddi əzasını hənutlamaq (kafur (unnamomums) ağacının yarpağından hazırlanmış toz), kəfənə bükmək, meyit namazını oxumaq və dəfn etməkdən ibarətdir.

Hər bir insan övladı dəfn edildikdən sonra şəriətə görə sağlığında ona şamil edilən hüquq, onun cəsədinə də şamil edilir. Deməli, İslam hüququnda ölüyə hörmət etmək diriyə hörmət kimidir. Ölmüş şəxsin qəbrini açmaq ona hörmətsizlikdir və insanlığa qarşı olan cinayətdir. Bütün İslam alimləri möminin qəbrinin açılmasının haram (qadağan) olması haqqında hökm verərək, bu işi insanın müslə (bədən üzvünü kəsib götürərək eybəcər hala salma) olmasına bərabər tutmuşlar. Muülə əməlinin ağır olması haqqında Həzrəti Əlinin (ə.s) vəsiyyətində oxuyuruq: "Ey Əbdülmüttəlib oğulları, sizi "Əmirəl-möminin öldürüldü, Əmirəl-möminin öldürüldü" deyib bu bəhanə ilə müsəlmanların qanlarına batmış halda görmək istəmirəm. (Mənim öldürülməyimi müharibə və qan axıdılması üçün əsas etməyin.) Bilin ki, mənim əvəzimə ancaq qatilim öldürülməlidir. Baxın, əgər mən onun bu zərbəsi nəticəsində ölsəm, onun əvəzində ona bir zərbə vurun. Onu muslə etməyin, çünki mən Allah Peyğəmbərinin (səlləllahu əleyhi və alih) belə buyurduğunu eşitmişəm ki: "Ölmüş heyvanları belə muslə etməkdən uzaq olub çəkinin". ("Nəhcul-bəlağə" 47-ci məktub)
"Təhzib əl-Əhkam" kitabında isə İmam Cəfəri Sadiqdən (ə) bu haqda bir çox hədislər nəql olunub ki, bunların sırasına "Ölmüş şəxsin başını kəsmək, diri şəxsin başını kəsməkdən də böyük günahdır".hədisini daxil etmək olar.

Bu qəbildən olan hədislərə diqqət etdikdə məlum olur ki, müqəddəs dinimiz həyatda olan şəxs ilə dünyasını dəyişmiş şəxsin hüquqlarının bərabər olduğunu bəzi hallarda isə ölmüş şəxsin ehtiramını onun diriliyindəki ehtiramından üstün olduğunu bildirir.

İslam qanunlar toplusuna nəzər yetirdikdə ilk olaraq insan haqqlarının qorunması nəzərə çarpır. Bu dinin qanunvericilik əsasını təşkil edən Qurani-Kərimdə 247 yerdə işlənən "haqq" (hüquq ərəb dilində "haqq" sözünün cəmidir) kəlməsi insanları dininə, irqinə, cinsiyyətinə, milliyətinə, sosial statusundan asılı olmayaraq bərabərliyə və "batilə" zidd olmağa çağırmışdır. "Haqq" kəlməsi çox geniş bir mənaya malikdir. İsim olaraq "mütləq doğru, varlığı qəti olan şey" mənasına gəlir.



"Qurani – Kərimə" görə bütün insanlar bərabərdir və qanun qarşısında eyni cavabdehliyi daşımaqdadırlar: "Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz." (Əhqaf 19)

Ekshumasiya məsələsində islam alimlərinin ittifaqı var. Məzhəb alimləri bir neçə hallar istisna olmaqla, qəbrin açılmasını qadağan ediblər.
Hənəfilərin nəzərinə görə, zərurət olmadan qəbri açmaq icazəli deyil. ("Muraqil fələh" s. 227) Hənəfi alimi imam Məhəmməd Amin ibn Abidin bu haqda deyir: "Əgər meyyit qüslsüz namazsız və qibləsiz dəfn olunsa, onun üstünə torpaq tökülübsə qəbrin açılması haramdır." (İbn Abidin, "Radd al-muxtar ələ dur əl-Muxtar" c.1 səh 246)
İmam Nəvəvi isə bu haqda belə yazir: "Şəri səbəb olmadan qəbri açmaq, səhabələrdən gələn hədislərə görə haramdır. Qəbri şəri səbəb olmadan açmaq səhabələrdən rəvayət olunan səhih hədislərə görə haram sayilir, istisna hallarda isə icazəlidir." (Nəvəvi, "Ravdatut talibin" c.2 səh 144)

İmam Şafei nəql edir ki, "Cəsəd qəbirdə üzü qibləyə qoyulmayıbsa və bədən çürüyüb aradan getməyibsə meyyitin qəbrini açmaq olmaz." Qəbri açıb cəsədi üzü qibləyə qoymaq sünnətdir və bu iş ilk dəfə Fura ibn Mərur üçün icra edilmiş, qəbr açılaraq cəsəd üzü qibləyə qoyulmuşdur. (Əbul Həsən Əli, "əl-Haviyəl kəbir" c. 3 səh 62)
Maliki məzhəb alimləri də ruhla cism arasında mənəvi bir əlaqə olduğunu qeyd edərək, qəbrin dəlilsiz açılmasını meyyitə ehtiramsızlıq kimi göstərmişlər. (Malik ibn Ənəs, "Mudəvvənətul kubra", cənazə bəhsi, Şihəbud-Din ən-Nəfravi, "əl-Məcmu Şərh əl-Muhəzzəb", cənazə babı)
Hənbəli məzhəbinə gəldikdə isə meyitin cəsədi aradan getdikdən sonra icazəli, istisna hallar isə zərurətdə hər hansısa bir malın haqqı və ya meyitin öz hüququndan ötrü olur. (ibn Muflih, "əl-Furu fil fiqhil hənbəli", cənazə bəhsi, Şəmsuddin İbn Qudəmə "Əş Şərhul Kəbir (Məal Muğni)", c. 1 s.366).

Cəfəri məzhəbinin böyük alimlərindən olan Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli (Əllamə Hilli) bu haqda yazır: "Ölünün qəbrini açmaq və onun cəsədini intiqal (bir yerdən digər yerə köçürtmək) eləmək caiz deyil." (Əllamə Hilli "əl-Muxtəsərun nafii fi fiqhul imamiyyə" c 1. səh 14)
Şeyx Tusi və Fəzl ibn Həsən Təbərsi və digər Cəfəri məzhəbinin alimləri də eyni fikirlərlə çıxış etmişlər. ("əl-Məbsut fi fiqhil imamiyyə" c 1. səh 93)

Qeyd olunan hədis və alimlərin rəylərindən də bizə məlum olur ki, sağlığında insana verilən dəyər öldükdən sonra da hər bir insan övladına şamil edilərək, cəsədi-qəbri toxunmaz hala gətirir yalnız istisna hallarda ekshumasiyaya icazə verilir. İstisna olan hallarda ekshumasiya qadağan olunmamış, bunun əleyhinə getmək isə məzəmmət olunub. İcazəli hallar aşağıdakılardır:

1. Meyitin dəfn olunduğu yer qəsbi (başqasına məxsus) olduqda, yerin sahibi isə bu işə icazə vermədikdə ekshumasiya edilir, cəsəd digər bir yerə (icazəli) köçürülür.

2. Kəfən, yaxud meyitlə birgə dəfn olunan başqa bir şey qəsbi olsa, sahibi də onun qəbirdə qalmasına razı olmadıqda ekshumasiya edilir, kəfən ( və ya dəfn olunan başqa bir şey) meyitə məxsus vəsaitlə alınaraq yenidən icra olunur.

3. Ekshumasiya hallarından biri də şəri təyinatlı işlərin düzgün olmaması zamanı baş verir. Bu halda meyit qüslsüz, kəfənsiz yaxud da qüslünün batil olduğunu sonradan bildikdə ekshumasiya şəri vəzifələrin icrası üçün görülür.
Dəfn etmə - bədənin (onun qalıqlarının) torpağa verilməsi (qəbirdə basdırma), suya verilməsi (suda basdırma) yolu ilə həyata keçirilə bilər.
Dəfn etmə yerləri mənsubiyyətinə görə – dövlət, bələdiyyə, adətə görə – ictimai, etiqad üzrə, hərbi, tarixi-mədəni əhəmiyyətli, tarixi-memorial ola bilər. İctimai qəbiristanlıqda ölənin öz vəsiyyəti əsasında, dəfn işlərini təşkil edən xüsusi xidməti qurumun qərarı ilə (əgər meyit qohumları tərəfindən tələb olunmursa) meyitlər basdırılır. İctimai qəbiristanlıq icra hakimiyyəti və yerli özünü idarəetmə orqanlarının nəzdində ola bilər.

Dəfn etmə və basdırma barəsində qanunda sanitar-ekoloji tədbirlər nəzərdə tutulub. Qəbiristanlıqda yer seçdikdə torpağın xüsusiyyəti nəzərə alınır. Torpaq 2 metr dərinlikdən az olmayaraq quru, yüngül və hava keçirən olmalıdır. Qrunt suları səthdən 2 metrdən yuxarı olduqda, həmçinin bataqlıq və torpaq sürüşən sahələrdə qəbiristanlıq salmaq olmaz. Zəruri hidrogeoloji şərait olmadıqda salınacaq qəbiristanlıq üçün yerin mühəndis işləri görünür.
Bütün hallarda dəfn mərasimlərin təşkilində, meyitə bükülən kəfən və dəfn üçün hazırlanan torpağın başqasına məxsus olması kimi islam qaydalar gözlənilir.
4. Meyitə ehtiramdan da əhəmiyyətli bir haqqı sübut etmək meyitin bədənini görməyə ehtiyac duyulduqda, ekshumasiya aparılır və bu proses Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənir. Dinlə hüquqi proseduranı bir-birinə qarışdırmaq olmaz və bu işlərin icrası tam ayrı mənaları özündə əks etdirir. Hətta işi icra edən (müstəntiq) öz qərarında prosesdə din xadiminin də iştirak etməsinin zəruriliyi haqda heç nə yaza bilməz. Cəsədin müayinə olunması hüquq mühafizə orqanları tərəfindən aparılır. Din xadimləri isə dini ayinləri icra edirlər.


Cinayət Prosesual Məcəlləsində (CPM) (maddə 237) ekshumasiyaya müstəqil prosessual hərəkət kimi baxılır. İstintaq hərəkəti kimi ekshumasiyanın 3 fərqləndirici cəhətlərinin olduğu göstərilir.

I. CPM-də yalnız meyitlərin ekshumasiyasından söhbət gedir. Digər əşyaların torpaqdan çıxarılması isə başqa prosessual hərəkətlərin dairəsinə aid hesab olunur.

II. CPM-si əvvəllər basdırılmış meyitlərin ekshumasiyası hallarını tənzim edir. Burada meyitin qəbul olunmuş qaydalara müvafiq basdırılıb-basdırılmamasından asılı olmayaraq cinayət izini açmaq üçün onun basdırıldığı yerdən çıxarılması nəzərdə tutulur. Bu zaman basdırılma yeri yalnız qəbir deyil, digər yerlər – mavzoley tipli məzarlar, divarlar, boşluqlar, sərdabələr, yandırılmış meyitlərin külü olan yerlər, su hövzələri və digər yerlər ola bilər.

III. CPM-də qaldırılmış və istintaq olunan cinayət işinin aparılması çərçivəsində istintaq hərəkətlərindən söhbət gedir.
Meyitlərin ekshumasiya olunmasına əsas və hadisələrin təsnifatını aşağıdakı kimi xarakterizə olunur:

1. Meyitin rəsmi qaydada icazəli ekshumasiyası;
Məhkəmə-tibbi məqsədlərlə;
Qəbiristanlığın bir yerdən digər yerə köçürülməsi;
Meyitin bir qəbiristanlıqdan başqa bir qəbiristanlığa köçürülməsi;
Basdırılanın şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə (şəxsiyyətin cinayət istintaqı axtarışı ilə bağlı olmayan hallarda);
Elmi - tarixi məqsədlərlə;
2. Meyitlərin təsadüfi ekshumasiyası;
Torpaq işləri görülən və köhnə binaların sökülməsi zamanı təsadüfən basdırılmış meyitlərin aşkar olunması;
3. Meyitlərin cinayət xarakterli ekshumasiyası;
Soyğunçuluq məqsədilə;
Cinsi həvəsi təmin etmək məqsədilə (nekrofiliya);
Təhqir etmə məqsədilə. (Ş.Musayev. Cinayət mühakimə icraatının məhkəmə-tibbi təminatı)
Cəsəd torpağdan çıxarıldıqdan sonra iş icracısının (müstəntiq və ya məhkəmə) qərarına uyğun olaraq, cəsədin tam müayinəsi yaxud da hansısa hissələrin şəkillərinin çəkilməsi, müəyyən nümunələrin götürülməsi (saç, sümük) ola bilər.
5. Meyiti ona hörmətsizlik olan yerdə (əqidəsinə uyğun olmayan qəbiristanlığda) dəfn etdikdə ekshumasiya işini icra etmək olar.
Etiqadı üzrə olan qəbiristanlıqda eyni dinə etiqad edən şəxslər dəfn edilir. Onlar yerli idarə orqanları nəzdində ola bilər və buna əsasən müvafiq dini birliklər onların fəaliyyətini tənzimləyirlər. Hər bir insanın şərəf və ləyaqəti qanunlarda qorunduğu kimi, İslam hökmlərində də öz əksini tapmışdır. Digər dinlərdə olduğu kimi müsəlmanı da yalnız müsəlmanlara məxsus qəbirstanlıqlarda dəfn etmək lazımdır.
6. Dəfn olunmuş qadının bətnindən diri uşağı çıxarmaq üçün də qəbri açmaq icazəlidir.
İslamın yeni yayıldığı vaxtlarda dünyanın "qara üzü" daha çox idi. İnsanlar cəhalət içində çabalamaqla yanaşı, hüquqları tapdalanır, öz qız övladlarını diri-diri torpağa dəfn edirdilər. Bu məsələ İslamın əsas qanunvericilik kitabı olan Qurani-Kərimin əl-İsra sürəsinin 31-ci ayəsində də öz əksini tapmış və uca Yaradan bu haqda "Yoxsulluqdan qorxub (Cahiliyyə dövründə olduğu kimi) övladlarınızı (xüsusilə, qız uşaqlarını) öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!" buyurmuşdur.
Bu gün də müasir dünyada bu "insan qətliamının" başqa bir forması icra olunmaqdadır. Bir çox ailələr doğulacaq qız uşaqlarını qəbul etməyərək gələcək övladlarını "diri diri öldürürlər". Statiskaya nəzər salanda boşanma hallarının əsas səbəblərindən biri də, qız övladı dünyaya gəldiyinə görədir.
Bu ekshumasiya zamanı isə biz İslamın insanlığa verdiyi dəyəri bir daha açıq-aydın görür və Allahın buyurduğu kimi, bütün növ insan qətliamının pis olduğunu görürük.
7. Yırtıcı heyvanın qəbri qazaraq cəsədi parçalayacağından, sel aparacağından, yaxud düşmənin onu çıxaracağından qorxu olduqda ekshumasiya edilərək cəsəd digər yerə köçürülür.
8. Meyit dəfn olunduqdan sonra aşkarlanan bədən üzvlərindən ötrü ekshumasiya edilir. Bu zaman ekshumasiya işi natamam icra olunur. Yəni aşkarlanan bədən əzası qəbrə elə tərzdə qoyulmalıdır ki, meyyitin bədəni görünməsin.
Nəticə olaraq qeyd etmək olar ki, ekshumasiya İslam qanunlarından olduğu üçün bu məsələ daha dərindən araşdırılaraq cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır. Yuxarıda göstərilənlərdən bəlli oldu ki, İslama görə qəbri açmaq müəyyən şərtlər daxilində icazəlidir. Bu hallara qarşı çıxmaq isə, İslam şəriətinə qarşı çıxmaq deməkdir.


Samid Quliyev,
Lənkəran rayonu Ləj kənd məscidinin axundu,
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı