Sığorta vəsaitlərinin onlayn ödənişinin sayı artıb

Bu gün Yevlaxda Dövlət Sosial Müdafiə Fondu (DSMF) göstərdiyi elektron xidmətlərlə bağlı "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" adlı növbəti regional təqdimat keçirilib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan AzNews.az verilən məlumata görə, tədbirdə Yevlax, Tərtər, Bərdə, Ağcabədi, Laçın, Ağdam, Goranboy, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Zərdab, Naftalan və Xocalı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

Tədbirdə Fondun əhaliyə göstərdiyi digər çoxsaylı elektron xidmətlər və onlardan istifadə qaydaları barədə də ətraflı məlumat verib. Qeyd edilib ki, DSMF elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların "elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi yönündə fəaliyyəti bundan sonra da davam etdiriləcəkdir.

Həmçinin bildirilib ki, 1 may 2014-cü il tarixə Fondun 86 yerli orqanı üzrə 713798 sığortaedən haqqında məlumat KÖMİS-ə inteqrasiya edilib. Elektron xidmətdən istifadə etmək üçün http: //www.e-gov.az – "Elektron Xidmətlər Portalına" daxil olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" elektron xidmətini seçmək lazımdır. Məcburi dövlət sosial sığorta haqlarının ödənişi real vaxt rejimində həyata keçirilir. 2014-cü ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərin onlayn ödənilməsi elektron xidmətindən 131653 istifadə sayı müəyyənləşdirilib.
Azər
AzNews.az