- Köhnə - Maraqlı
- 27 İyun 2014 12:12
- 8 650
Polad İstehsalı Kompleksi “BelAZ“la müqavilə bağladı
AzNews.az-ın məlumatına görə, müqavilələrin imzalanma mərasimində Belarusun Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Nikolay Patskeviç, "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədri Samir Cəfərov, "BelAZ" şirkətinin vitse-prezidenti Dimitri Zablodskiy və "İrridio Motors" lizinq şirkətinin direktoru cənab Andrey Şerbakov iştirak edib.
Müqaviləyə əsasən, "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC sözügedən şirkətdən 12 ədəd yeni "BelAZ" markalı karyer yük avtomaşını alacaq.
Beynəlxalq lizinq müqaviləsi sərfəli maliyyə şərtlərilə uzunmüddətli dövr üçün bağlanıb. Şərtlərə əsasən müqavilənin müddəti 4 il, ödəniləcək faiz dərəcəsi isə 4 faiz həcmində müəyyənləşdirilib.
Alınacaq "Belaz-7547" markalı 10 ədəd avtomaşının yükqaldırma qabiliyyəti 45 ton, "Belaz-75131" markalı 2 ədəd avtomaşının yükqaldırma qabiliyyəti isə 140 tondur. Avtomaşınlar Daşkəsən rayonu ərazisindəki "Daşkəsən Filizsaflaşdırma" ASC tərəfindən dəmir filizi hasilatında istifadə ediləcəkdir ki, bununla da hasil olunan dəmir filizinin maya dəyərinin ən azı 20 faiz aşağı düşməsinə imkan yaranacaqdır. İmzalanmış müqavilə, post-sovet dövründə ilk dəfə olaraq "BelAZ" markalı yeni avtomaşınların ölkəyə gətirilməsinə imkan verir.
Xatırladaq ki, "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC 2013-cü ildə prezident İlham Əliyevin Sərəncamı ilə yaradılıb. Səhmləri dövlətə məxsus olan "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC Azərbaycanda dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikintisini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
AzNews.az