“Anam yəhudidir, xahiş edirəm, susun” - Balotelli

İngiltərə Futbol Assosiasiyası (FA) “Liverpul” komandasında oynayan italiyalı hücumçu Mario Balotellinin Instagramda paylaşdığı şəkillə bağlı təhqiqat aparacaq.



AzNews.az xəbər verir ki, şəklin antisemit və irqçi olduğu deyilir.

24 yaşlı Balotelli "Nintendo" kompüter oyunundakı "Super Mario" personajı şəklini öz Instagram səhifəsindən silib.

Daha sonra o, Twitterdə bu paylaşmanın təhqiredici olduğunu inkar edib.


Futbol Assosiasiyası deyib ki, paylaşmanı araşdırır. "Liverpool"un rəhbərliyi isə bildirib ki, məsələ ilə bağlı Balotelli ilə danışacaq.

Klubun sözçüsü BBC Sport-a deyib: "Biz oyunçunun dərhal sildiyi paylaşmadan xəbərdarıq. Oyunçu ilə danışacağıq".

Twitterdə-ki tənqidlərə cavab olaraq Balotelli yazıb: "Mənim anam yəhudidir, ona görə də xahiş edirəm, susun".

Amma keçmiş FA rəsmisi və hazırda Yəhudi Liderlər Şurasının baş icraçısı Simon Johnson deyib ki, Balotelli cəzalandırılmalıdır.

"Biz irqçiliyin bütün formalarına nifrət edirik, harada olur olsun", - deyə Johnson Britaniyanın "Daily Telegraph" qəzetinə deyib.

"Futbolda irqçiliyə son qoymaqda uğurlu olmaq istəyiriksə, biz FA-nı bu təhqiredici sosial şəbəkə paylaşmasını araşdırmağa və lazım gəlsə, hərəkətə keçməyə çağırırıq".

FA-nın sosial media barədə qaydalarına əsasən irqlə bağlı qayda pozuntularına görə minimum cəza, beş oyunluq qadağadır.