Tarixdə bu gün: 7 fevral Tarixdə bu gün: 7 fevral

Bu gün “Tbilisi bəyannaməsi” imzalanıb

Tarixdə bu gün: 7 fevral



Tarixdə bu gün fevralın 7-də erməni silahlı qüvvələri Dağlıq Qarabağın şimalında strateji əhəmiyyətli Sırxavənd kəndini (Ağdərə rayonu) ələ keçirib, Prezident İlham Əliyev Azərbaycan milli valyutasının - manatın denominasiyası haqqında fərman imzalayıb, Yaponiyanın Naqano şəhərində XVIII Qış Olimpiya Oyunlarının açılışı olub, III Yuli Roma Papası seçilib.

1550 — III Yuli Roma Papası seçilib.

1855 — Simodada rus-yapon müqaviləsi (Simoda traktatı) imzalanmış və iki ölkə arasında "Əbədi sülh və səmimi dostluq" elan edilib.

1919 – Xalq artisti, görkəmli kinorejissor Tofiq Tağızadə (1919-1998) anadan olub. Tofiq Tağızadə "Görüş", "Uzaq sahillərdə", "Yeddi oğul istərəm, "Dədə Qorqud" və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.

1924 — SSRİ və İtaliya arasında diplomatik əlaqələr qurulub.

1962 — ABŞ Kuba ilə olan bütün iqtisadi əlaqələri kəsib.

1990 — Sovet İttifaqı Kommunist Partiyası öz səlahiyyətlərindən imtina etməyə hazır olduğunu bildirib.

1991 – Azərbaycan Respublikasının Ali Soveti Şaumyan (kənd) rayonunun ləğv edilməsi və bəzi rayonlarının adlarının dəyişdirilməsi barədə qərarlar qəbul edib. Qərara əsasən, ilə Şaumyan (kənd) rayonu ləğv edilib, rayonun ərazisi Goranboy rayonu ilə birləşdirilib. Parlamentin qərarı ilə həmçinin Mirbəşir rayonu Tərtər, Qutqaşen rayonu Qəbələ, Vartaşen rayonu Oğuz adlandırılıb. Puşkin rayonun tarixi adı bərpa edilərək Biləsuvar adlandırılıb.

1992 — Avropa İttifaqının yaranmasına zəmin olan əsas sazişlərdən biri - Maastrix sazişi imzalanıb.

1993 – 1992-ci ilin yayında Azərbaycan Milli Ordusunun Qarabagın şimalında apardığı əməliyyat zamanı Ağdərə rayonunun böyük hissəsi, o cümlədən Sırxavənd işğalçılardan təmizlənmişdi, ancaq 1993-cü ilin fevralında bu ərazilər xəyanət nəticəsində yenidən ermənilərin əlinə keçib.

1995 – Prezident Heydər Əliyevin sərəncamı ilə Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının (2009-cu ildən Prezident Administrasiyası) rəhbəri təyin edilib. Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakıda anadan olub. 1983-1988-ci illərdə sovet Azərbaycanının rəhbərliyində təmsil olunub, Azərbaycan KP MK-nın katibi olub. 1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdiri işləyib. 1994-cü ilin fevralından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri işləyib.

1998 — Yaponiyanın Naqano şəhərində XVIII Qış Olimpiya Oyunlarının açılışı olub.

2005 – Prezident İlham Əliyev Azərbaycan milli valyutasının - manatın denominasiyası haqqında fərman imzalayıb. Fərmana əsasən, 2006-cı il yanvarın 1-dən dövriyyə yeni əskinaslar (1 yeni manat (AZN) - 5000 köhnə manat nisbətində) buraxılıb. 1992-ci ildən dövriyyədə olan köhnə manatlar 2006-cı il dekabrın 31-də tədavüldən çıxarılıb.

2007 – Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı sənədlər, regional əməkdaşlıq haqqında "Tbilisi bəyannaməsi" imzalanıb. Layihənin Gürcüstan hissəsinin maliyyəsi üçün krediti (ilkin olaraq 200 mln. dollar) Azərbaycan ayırıb.