“Zəlimxan Yaqubu hər an “vurmaq” istəyirdilər” - Məhərrəm Hüseynli

Xalq şairi Zəlimxan Yaqubun 40 mərasimi çıxmamış onun boş qalmış kreslosu uğrunda “savaş” başlayıb. Görünür, hələ Aşıqlar Birliyinin qurultayına kimi bu “savaş”a qoşulanların sayı daha da çoxalacaq.


Ömrünü bu sənətə həsr edən aşıqlarımız birliyin sədri olaraq kimi dəstəkləyir?

Azərbaycan Aşıqlar Birliyinin üzvü Məhərrəm Hüseynli AzNews.az-a müsahibəsində qaranlıq mətləblərə aydınlıq gətirib.

- Xalq şairi, Azərbaycan Aşıqlar Birliynin sədri Zəlimxan Yaqubu da itirdik. Onunla bağlı nə deyə bilərsiniz: necə işləyirdi, xəstələnəndən sonra işə münasibəti dəyişmişdimi?
- Allah rəhmət eləsin, Zəlimxan Yaqub da dünyadan köçdü. Yazıq ölənə yaxın çox əziyyət çəkdi. Nə etmək olar... Tez-tez görüşürdük. Zəlimxan Yaqubu sevməyənlər də az deyildi, onu hər an "vurmaq" istəyirdilər. Hətta bir ara üstünə düşdülər, bütün mətbuat ondan yazırdı. İmkan vermirdilər ki, gözünü açıb, işləsin. Yazdırırdılar, o, da oxuyub əsəb keçirirdi. Nə qədər desək ki, yox, yazılanlara əhəmiyyət verməyəcəyik, yenə də olmur. Ən azı əsəbiləşirsən. Belə-belə bir ilin içində xəstələndi. Ömrü kimi arzuları da yarımçıq qaldı. 6 il xəstə yatağında çabaladı. Ha çalışdı ki, xəstəliyə qalib gəlsin, amma olmadı. Zəlimxan güclü insan idi. Gör xəstəlik hansı səviyyədə olub ki, o, Zəlimxana qalib gəlib. Elə bir ay olmurdu ki, tədbirlər keçirməsin, aşıqların yaradıcılığı ilə maraqlanmasın. O insanı yaşadan aşıq sənəti və saz idi. Nə qədər ağır, pis vəziyyətdə olsa da, tədbirlərin hər birində iştirak edirdi. O, çox işlər görmək istədiyini deyirdi.

- Yəni, onun Aşıqlar Birliyi ilə bağlı gələcək planlarından xəbərdar idiniz?
- Bəli, dəfələrlə görüşümüz olmuşdu. Əslində onunla mənim planım bir idi. İstəyirdik ki, məktəblərdə aşıq sənətinin fənn kimi keçilməsinə nail olaq. Nizamnamədə olduğu kimi çap mərkəzinin yaradılması, xüsusi "Ozan" adlı telekanalının açılmasını istəyirdi. Bunlar Zəlimxanın arzuları idi. Nə qədər açınacaqlı olsa da, deməliyəm ki, bu gün Azərbaycan Aşıqlar Birliyinin yığışaçağı bir ocağı yoxdur. Düzdür, 3 otaqdan ibarət bir birlik var, amma o çox azdır. Bəs, bu qədər aşıq hara yığışıb, dərdini harda və kimə, necə desin? Necə Muğam Mərkəzi var, lazım olanda xanəndələr yığışıb sözünü də deyir, dərdini də. Eləcə də aşıqların ocağı olmalıdır. Xanəndələrin hər şeyi var, konsert salonları, içərisində bu sənətin davamçılarının büstləri və s. Onlar kimi aşıqlara da dövlət qayğısı olmalıdır. Mədəniyyət dövlətin simasıdır. Aşıq sənəti isə dövlətin ilk musiqisidir. Açığı mən də dövləti qınamıram. Çünki dövlətə müraciət eləmək lazımdır. Rəsmi şəkildə bunu edib və arxasınca da düşmək lazım idi. Bu olmadı... Çox şey edilə bilərdi... Amma olmadı. Bu günə kimi saza-sözə bağlı iki şair olub. Onlardan biri Hüseyn Arif, ikincisi isə Zəlimxan Yaqub. Yoxdur, ikisi də ölüb. Bunların ürəyi də bir idi, ideyası da. Bütün həyatlarını bu yolda qoydular ki, nəsə eləsinlər, amma edə bilmədilər. "Ozan" jurnalını yaratdılar və o işıq üzü gördü. Ancaq onunla bitmirdi ki, hər kəs gücünü qoymalı idi. Baxın cəmiyyətə, bu gün ziyalıların heç biri aşıq sənəti ilə bağlı danışmır. Bunu cəsarətlə deyirəm. Milli Məclisin sabiq Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov Azərbaycanda aşıq sənətinin elm kimi tədrisində Zəlimxan Yaquba dəstək ola bilərdi. Amma o, heç bir iş görmədi. Bu günün özündədə heç bir iş görmür. Söz demək başqa şeydir, amma onu həyata keşirmək tam başqa şey. Bir adam, bir şair əlinə qələm almadı, elə dediər Zəlimxan etsin. Axı Zəlimxan o Zəlimxan deyildi ki, nəsə etsin. Lətif müəllim vardı, araşdırmaçı, o, da dünyasını dəyişdi. Ondan başqa aşıq sənətinin taleyi bir kişini düşündürmədi. Ağlamalı gündəyik. Höküməti də qınamaq olmaz. Adama deyərlər ki, hanı prezidentə ünvanladığınız müraciət? Hanı Mədəniyyət və Turizm Nazirliynə ünvanlanan məktubunuz? Hanı tələbləriniz? Bunlar olunmalı idi.

- Bəs, Zəlimxan Yaqub bununla bağlı aidiyyatı qurumlara müraciət etməmişdi?
- Hanı Zəlimxan? Axı onda can yox idi, ağrıyırdı... Öz canın hayında idi. Gərək onu da başa düşək. Hardasa 4 ay bundan əvvəl onun yanında oldum, dedi ki, "Məhərrəm, sənə fəxri adın verilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə təqdimat göndərdim. Yəqin ki, prezident o təqdimatdan sonra sənə ad verəcək". 15 kitab müəllifiyəm, hamısı da aşıq sənətindən. Naliyyətlərim çoxdur. Amma bununla belə düşünürəm ki, dövlətin dəstəyi olmadan qeyri-hökumət təşkilatı Azərbaycan aşığının tərəqqisi naminə nə edə bilər? Biz bu haqda düşünməliyik, kreslo uğrunda yox. Heç bir irəlləyiş yoxdur. Bu gün hamının gözü qarşısında Azərbaycan aşıqlarının müəllif hüquqları kobudcasına pozulur. Azərbaycan aşıqları deyilən gənc nəsil ancaq saz çalandı. Bir iki dənə barmaqla göstəriləsi aşıq var. Onlar da gündəlik çörək puluna işləyir. Nə olacaq bunu sonu? Orta nəsil hamısı dünyası ilə vidalaşıb. Axı sənət ölür. Yenidən aşıq sənətinin inkişaf etdirmək və aşıq nəsli yetişdirmək üçün muğamda olduğu kimi müsabiqə keçirmək lazımdır. Hamı görür ki, bu sənətə fikir verən yoxdur, ona görə də heç kəs bu sənətə gəlmir. Gələnlər də getdikcə də uzaqlaşırlar. İnsanlarda aşıq sənətinə həvəs qalmayıb. Gənclər var, amma onların da əksəriyyəti saz çalır. Saz aşıq sənəti demək deyil. 72 havanın olmasından bu gənc nəsl xəbərsizdir. Geyimləri yoxdur, hərə əlinə nə gəldi geyib səhnəyə çıxır. Axı belə olmaz.

- Deyirlər ki, yaxın vaxtlarda qurultay keçiriləcək. Bəlkə Z.Yaqubu əvəzləyəcək şəxs aşıq sənətini ölümdən xilas edə biləcək?
- Kimlərinsə namizədliyi veriləcək. Mənə elə gəlir ki, bu sahədə bir kəlmə belə söz demiyən adamlar birliyə gətiriləcək. Bu da aşıq sənətini daha da öldürəcək. Tarixən belə olub. Hərbiçinin başında general əyləşməlidir. Aşıq sənətinin başında aşıq, saz sənətini bilən biri olmalıdır. Kim sədr olacaqsa, o adam bu işin məsuliyyətini bilməlidir, idarəçilik, işinin öhdəsindən gəlməlidir.

- Zəlimxan Yaqub işlədiyi 8 il ərzində özünə varis seçmədimi?
- Yox. Bu haqda heç vaxt bir kəlmə də danışmayıb. Biz də onun ölməyini heç istəmirdik. Açığı o, özü də ölməyinə inanmırdı. Həm də Zəlimxan dünyasında bunu dilinə almazdı, deməzdi. Varis nədir? O, böyük şəxsiyyət idi, varis məsələsində olsun ki, kiməsə nəsə deyib. Amma o hələ açıqlanmayıb. Zəlimxan bu məsələdə səhv edə bilməzdi. Çünki Zəlimxan da bilirdi ki, əsas seçkidir. Kim bu sənəti bilirsə, kim cəsarətlə Azərbaycan prezidentindən, hökümətindən bu sənəti inkişaf etdirib, nəsildən-nəsilə keçirdə biləcəydisə, Zəlimxan üçün varis odur.

- Sözlərinizdən belə çıxır ki, Z.Yaqub sədrlik dövründə aşıq sənəti ilə bağlı cəsarətsiz olub, heç kəsə ağız açmayıb?
- Bu haqda heç nə deyə bilmərəm. O, heç olmasa əhəmiyyətli tədbirlər keçirirdi.

- Uzun illər aşıq sənətinin inkişafında canını qoyan biri kimi Zəlimxan Yaqubun boş qalmış kreslosunda kimi görmək istəyərsiniz?
- Mən özümü istəyərdim. Amma indiki durumda getmərəm.

- Niyə?
- Dövlətin maliyyə dəstəyi olmadan bu kresloda oturmaq yalnışlıq olar.

- Deməli, Zəlimxan Yaqub özü də bu kresloya oturmaqda yanlışıq edib?
- Çox işlər görülməlidir. Demək olar ki, sıfırdan başlamaq lazımdır. Bunlar da maliyyə ilə həll olunur. Mən özümü öldürsəm də, öz büdcəmdən hardasa 100 min xərcləyə bilərəm. Kim öz büdcəsindən qeyri-hökümət təşkilatına 100 min xərcləyər? Bu məbləğ də bəs etməz. Düzdür, Azərbaycan aşıqlarınım Gədəbəydə bir evi tikildi, şöbələri var, amma sonda aşıq sənətinin tədrisi yoxdur. Bunun üçün heç bir iş görülmədi. O, kresloya hər kəs otura bilər. Ətrafın və söz birliyi varsa kresloya oturmaq su içmək kimi şeydir. Layiq olmayanlar daha öndədir.

- Sədr kreslosuna kim layiqdir - Məhərrəm Qasımlı, Elxan Məmmədli, Mövlüd Süleymanlı, yoxsa Qəzənfər Paşayev?
- Buna aşıqlar cavab verməlidir. Amma aşıqların söz haqqı yoxdur. Lazımi adamı oturdacaqlar. Xalq kimi istəsə, biz də ona dəstək verəcəyik. Ora nə Qocalar Evi deyil, nə də qeybət, nə də kar və lallıq kreslosu. Orada dövlətdən maliyyə yardımı tələb edə biləcək, yeri gələndə sənət uğrunda dövlət rəsmiləri ilə vuruşmağa hazır olan şəxs oturmalıdır. Əgər birliyə qoyulacaq şəxs bunları bacaracaqsa, özünü, cibini deyil, sənəti və küçələrdə yetim kimi boynunu bükən aşıqları düşünəcəksə, Zəlimxanın kreslosu ona halaldı. Yox, ümidləri doğrulda bilməyəcəksə, onda halallıq olmayacaq. Çünki bu, dədə, ozan sənətidir.

Bahar RÜSTƏMLİ
AzNews.az