AZTV-nin qadağa qoyduğu müğənnilər danışdı: “Gəlsin, ona efir mədəniyyətindən dərs keçim”

“Mənim hansı mədəniyyətsizliyimi görüblər?”

Bunu AzNews.az-a açıqlamasında müğənni Nüşabə Ələsgərli AzTV-nin qadağa qoyduğu müğənnilərin siyahısına münasibət bildirərkən qeyd edib.

O, 10 il AzTV-nın solisti olduğunu bildirib:

“Orada işçilər arasında böyük bir ixtisar getdi və mən də o siyahıda yer aldım. O gündən sonra AzTV-nin efirinə dəvət almadım. Orada yeni işə təyin olunan insanların mənə simpatiyası olmadı. Nə düşməndirlər, nə də dost, heç bir tədbirə də dəvət etmirlər. Mən də nə yalvarıram, nə də xahiş edirəm. O ki, qaldı ATV-nin nümayəndəsinin “efirə çıxan müğənninin gözəl səsi və yüksək efir mədəniyyəti olmalıdır” fikrinə, onun dediyində həqiqət var. Çünki televiziyaya çıxanın yüksək mədəniyyəti, səsi və sənəti olmalıdır. Əgər söhbət məndən gedirsə, çox böyük səhv edib. Belə çıxır ki, əvvəllər mən efirə çıxanda mədəniyyətsiz idim? Yaxud da orada çalışan gözəl sənətkarlar anlamırdı ki, bizim mədəniyyətimiz var, ya yox. Gəlsin ona efir mədəniyyətindən dərs keçim.”

Xalq artisti Nazpəri Dostəliyeva AzTV-in bütün çəkilişlərində və tədbirlərində iştirak etdiyini vurğulayıb:

“Nazpəri cinayətkar qadındır? Bu nə deməkdir? AzTV də daxil olmaqla bütün kanalların qapısı üzümə açıqdır. Üzərimdən qadağalar götürülüb. Dəvətlər gəlir, amma hər verilişə getmirəm, seçim edirəm.”

Müğənni Mətanət İsgəndərli də ona AzTV-də qadağa qoyulmadığını hesab edir:

“Mənə heç bir kanal qadağa qoymayıb. Bu gün mən AzTV-nin efirindəyəm. Onların keçirdiyi tədbirlərə dəvət olunuram və bacardığım qədər də çıxış edirəm”.

Əməkdar artist Firuzə İbadova onun AzTV-dən qadağa qoyulması ilə bağlı məlumatın kökündən yalnış olduğunu düşünür:

“Çox səhv məlumatdır. Mənə heç bir kanalda qadağa qoyulmayıb. Bütün kanalların qapısı üzümə açıqdır, münasibətləri də mənə qarşı yaxşıdır”.

Müğənni Aslan Hüseynov isə ona uzun illərdir ki, AzTV-nin rəhbərliyi tərəfindən qadağa qoyulduğunu bildirib:

“Hətta mən məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə də yazdım. Amma qadağa götürülmədi. Mən AzTV-nin efirlərində və tədbirlərində iştirak edirdim. Bütün müğənniləri çəkib efirə verirdilər, amma məni yox. Mən də zəng elədim AzTV-nin rəhbərliyinə etiraz etdim. O da mənə kobud cavab verdi. Təbii ki, mən də ona kobud cavab verildi. Ondan sonra mənə bu kanalın efirində qadağa qoyuldu. Yəqin ki, nə vaxtsa o kanala yaxşı bir rəhbər təyin olunacaq. Həmin şəxs başa düşəcək ki, şəxsi münasibətlərə görə, sənəti olan ifaçını xalqdan uzaqlaşdırmaq olmaz.”

AzTV-nin bir neçə tanınmış sənət adamına qadağa qoyduğu bildirilir. Onların Flora Kərimova, Nazpəri Dostəliyeva, Aygün Kazımova, Nisə Qasımova, Elmira Rəhimova, Niyaməddin Musayev, Nüşabə Ələsgərli, Firuzə İbadova, Rühəngiz Allahverdiyeva, Mətanət İsgəndərli, Rəşidə Behbudova, Aslan Hüseynov və başqalarının adı var.

Azərbaycan Televiziyasının rəsmisi Xatirə Qasımova "Qafqazinfo"-ya bildirib ki, “efirə çıxan müğənninin yüksək efir mədəniyyəti olmalıdır”-deyə bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az