Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov AZƏRTAC-a müsahibə verib. Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov AZƏRTAC-a müsahibə verib.

“Mədəniyyətin təbliğində media hər zaman xüsusi rola malikdir” - Rafiq Bayramov

Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov AZƏRTAC-a müsahibə verib.

AzNews.az həmin müsahibəni təqdim edir:

- Son zamanlar ictimai məsələlərin həllində bilavasitə mədəni mexanizmlərdən istifadəyə tez-tez rast gəlirik. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Həqiqətən də, ictimai proseslərdə mədəni mexanizmlərdən istifadə hazırda çox aktualdır və bir çox ölkələrdə tətbiq olunur. Konfliktlərlə dolu müasir dünyamızın humanitar çağırışlara ehtiyacı var. Belə çağırışlar neqativ tendensiyaları yumşaldaraq narahat dünyanın region və ölkələrini bir-birinə yaxınlaşdırır. Bu prosesin ayrılmaz hissəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyətlərarası dialoqun təşviqinə yönələn və beynəlxalq müstəvidə aktiv şəkildə dəstəklənən fəaliyyətini qeyd edə bilərik. Çünki bu siyasət özlüyündə xalqlar və ölkələr arasında inteqrasiyaya, yaxınlaşmaya, dünyanın üzləşdiyi real təhlükələrin və qlobal problemlərin həllinə xidmət edir.

Mədəni mexanizmlərdən danışarkən ilk növbədə ölkəmizdə ənənəvi olaraq keçirilən və artıq beynəlxalq münasibətlər müstəvisində özünəməxsus yer tutan Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirləri qeyd etmək olar. Çox şadam ki, ölkəmiz üçün əhəmiyyətli olan bu tədbirlərin reallaşmasında Mədəniyyət və Turizm Nazirliyi də yaxından iştirak edir. Mədəniyyət milli birliyin formalaşmasında böyük rol oynayır. Mədəniyyət eyni zamanda milli ideologiyanın tərkib hissəsi kimi onun möhkəmləndirilməsinə xidmət edir. Bu səbəbdən də mədəniyyətin perspektivliyi, mədəniyyət siyasəti xüsusi vurğulanmağa ehtiyacı olmayan vacib bir amildir.

- Nazirlik qarşısında duran vəzifələrin həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının fəaliyyətindən geniş şəkildə istifadə edilirmi?

- Qeyri-hökumət təşkilatları (QHT) ilə işləmək dövlətimizin strateji istiqamətlərindən biridir. Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq hökumətin fəaliyyətində şəffaflığın və demokratik dəyərlərə sadiqliyin göstəricisidir. Qeyd etmək yerinə düşər ki, bu sektor son illərdə Azərbaycanda mühüm inkişaf yoluna qədəm qoyub. Təbii ki, ölkə rəhbərliyinin böyük dəstəyi və diqqəti olmasaydı, QHT-lər bu qədər inkişaf edib şaxələnə bilməzdi.

Bundan əlavə, QHT-lərlə işləmək yeni yaradıcı ideyalara yol açır. Əlbəttə ki, Mədəniyyət və Turizm Nazirliyi də böyük potensiala malik belə təşkilatlarla aktiv şəkildə işləyir. Çünki bu sahə kreativ və mobildir. Çox vaxt üzləşdiyimiz problemlərin həlli yolunda məhz bu keyfiyyətlər köməyimizə çatır. Axı bu sahələr bir-biri ilə sıx əlaqəlidir. Mədəniyyət və turizm müasir tendensiyaları özündə əks etdirən dinamik sahələrdir. Ona görə də vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq demokratiyanın inkişaf etdiyi ölkələr üçün hər zaman prioritet olacaq. Sevindirici haldır ki, mədəniyyət və turizm ildən-ilə QHT-lər üçün də populyar və tələb olunan mövzulara çevrilir. Onların bu istiqamətdə layihələrə cəlb olunması nazirliyin qarşısında duran prioritet məsələlərdən biridir.

- Hazırda innovativ metodlardan istifadə günün tələbinə çevrilib. Mədəniyyət və turizm sahəsində bu metodların tətbiqi öz həllini tapa bilirmi?

- Bu, qaçılmaz prosesdir. İnnovasiyalara, yeniliyə yox demək sənayenin bütün sahələrində durğunluq yarada bilər. Bu hal dünya tarixində də dəfələrlə öz təsdiqini tapıb. Bizə gəldikdə isə, demək istərdim ki, innovasiyalar və islahatlar nazirliyin bütün fəaliyyət sahələrində özünə yer tapa bilib. Bu həm idarəçilikdə, həm informasiya texnologiyalarının tətbiqində, həm də turizm sahəsində həyata keçirilən təkmilləşmə prosesində, ölkənin elmi institutları ilə əməkdaşlıqda geniş vüsət alıb. Biz dünyada gedən dəyişikliklərin tempinə uyğun olaraq müasir dövrdə baş verən yeniliklərlə uzlaşmağa səy göstəririk.

Bu kontekstdə təşkilati yeniliklərdən danışmaq istərdim. Həmin yeniliklər nazirliyin qarşısında duran məsələlərin həllində maksimal effektivliyin əldə olunmasına xidmət edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazirliyin strukturunda aparılan dəyişikliklər - regional mədəniyyət və turizm idarələrinin, Milli Turizm Təbliğat Bürosunun yaradılması və s. idarəçilikdə innovativ vasitələrdən istifadənin sübutudur. Söhbətimizin bu məqamında nazirlik sistemində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin işini də vurğulamaq yerinə düşərdi. Mərkəz yerlərdə mədəniyyətin vəziyyətini təsbit edir, mədəniyyət müəssisələrinin işinin təkmilləşdirilməsinə öz töhfəsini verir. Elmi-metodik araşdırmalar və elmi müəssisələrlə aktiv şəkildə əməkdaşlıq təcrübi yeniliklərə yol açır. Bütün bunlar isə mədəniyyət müəssisələrinin işinə daha da vüsət verir. Bir sözlə, yeni innovasiyalar resursların qənaətlə istifadəsinə, iqtisadi islahatlara, fəaliyyətin optimallaşdırılmasına və qarşıya qoyulan məqsədlərin realizə olunmasına xidmət edir.

- 2017-ci ilin əvvəlində nazirliyin strukturunda yeni islahatlar həyata keçirildi. İstərdik bu barədə məlumat verəsiniz.

- Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli Sərəncamına uyğun olaraq struktur islahatları həyata keçirildi. Nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə yanaşı, 2017-ci ilin yanvarından 15 regional mədəniyyət və turizm idarəsi də fəaliyyətə başladı. Həyata keçirilən bu struktur islahatları ölkəmizin mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. Təbii ki, ölkəmizdə həyata keçirilən yeniliklər regional idarələrin işinin təşkilində də tətbiq edilməlidir. Yerlərdə mədəniyyətin, eləcə də turizmin inkişafı birbaşa onların işinin keyfiyyətindən asılıdır. Yeni yaradılan regional idarələrin əldə etdiyi nəticələrin təhlil edilməsi, qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün yerlərdə hər ay müşavirələr keçirilir. Regionlarda mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulması məqsədilə yerlərdə çalışan işçilər üçün müvafiq təlimlər, ixtisasartırma kursları təşkil olunur, əməkdaşların müasir informasiya texnologiyalarından istifadəsi üzrə bilikləri genişləndirilir. Aparılan islahatlar regionlarda turizm sənayesinin inkişafına, turizm klasterlərinin və yeni turizm marşrutlarının yaradılmasına da müsbət təsir göstərir.

Öncə də qeyd etdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə keçirilən mötəbər tədbirlərin reallaşdırılmasında yaxından iştirak edir, Azərbaycana təşrif buyuran qonaqların mədəni istirahətinin təşkili üçün rəngarəng mədəniyyət proqramları, layihələr reallaşdırılır. Yeni yaradılan regional mədəniyyət və turizm idarələri də bu tədbirlərə öz töhfələrini verir. Regional idarələrin ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməsi qarşıya qoyulan əsas vəzifələrdəndir.

Regional mədəniyyət və turizm idarələrinin işinin təşkili üçün islahatlar davam etdiriləcəkdir. Mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması da diqqətdə saxlanılır.

- İnnovasiyalardan danışarkən informasiya texnologiyalarının rolunu da vurğulamaq lazımdır. Mədəniyyət və Turizm Nazirliyində bu sahəyə necə yanaşılır?

- İnformasiya texnologiyaları nazirliyin fəaliyyətində strateji əhəmiyyət kəsb edən sahələrdəndir. Buna misal olaraq bilavasitə nazirliyin rəhbərliyinin təşəbbüsü ilə reallaşan bir sıra işləri qeyd etmək istərdim. Mütəmadi şəkildə regional mədəniyyət və turizm idarələrinin saytları yenilənir, aktual informasiyalarla təmin olunur. Qlobal internet məkanında ölkəmizin maddi-mədəni irsinin təbliğatı aparılır, reklam çarxları yayımlanır. Bundan əlavə, milli mədəni irs nümunələrimizin mənimsənilməsinin qarşısının alınması məqsədilə xarici ölkələrin də internet resurslarının monitorinqi aparılır. Təbii ki, bu xüsusda ölkə başçısının təşəbbüsü ilə yaradılan “Elektron hökumət” proqramını vurğulamaq lazımdır. Xatırladım ki, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytı (http://mct.gov.az) 2016-cı ildə hökumət informasiya portalları arasında ən yaxşılardan olmuşdur. Bu istiqamətdə xidmətlərimizin daha da genişləndirilməsini davam etdirəcəyik. Bütün bunlar operativlik və şəffaflığın artırılmasına xidmət edir. Bu gün dünyada gedən informasiya mübarizəsini də diqqətdə saxlayırıq. Biz gərək xarici internet resurslarında əks olunan informasiyalara adekvat cavab verə bilək. İnternet məkanı milli mədəniyyətin təbliği üçün ideal vasitədir. Hesab edirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Yeni layihələrimiz var ki, onların vasitəsilə milli dəyərlərimizin mənimsənilməsinin qarşısı alınacaqdır. Bütövlükdə mədəniyyət siyasətinin reallaşdırılmasında informasiya texnologiyalarının potensialından səmərəli istifadə olunmalıdır.

- Ölkəmizdə turizm sənayesinin inkişafı üçün hansı işlər görülür?

- Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkəmizin turizm sənayesi də böyük inkişaf yolu keçib. Xüsusilə son illər dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı turizm sektorunun şaxələnməsinə imkan yaradıb. Turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə fərman və sərəncamlar imzalanıb, dövlət proqramları qəbul olunub, mühüm layihələr həyata keçirilib. Ölkə Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi isə bu sahə üçün yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Strateji Yol Xəritəsində ölkəmizdə turizmin inkişafını stimullaşdıran və gələcək inkişafını təmin edəcək çox mühüm müddəalar yer alıb.

Həmçinin 2012-ci ildən elektron viza sisteminin yaradılması, eləcə də bir sıra ölkələrin vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin, 2017-ci ilin yanvarından “ASAN viza” sisteminin tətbiqi xarici turistlərin Azərbaycana daha rahat şəkildə səfər etmələrinə şərait yaradıb. Bu gün Azərbaycan mədəni, sağlamlıq, dağ-xizək, idman, işgüzar, ekoloji, ov və çimərlik kimi ən fərqli turizm növləri üzrə dünyanın müxtəlif ölkələrindən turistləri cəlb edir. Ölkəmizdə dünyanın məşhur brend otelləri fəaliyyət göstərir, turistlərə göstərilən xidmətin çeşidi və keyfiyyəti də ildən-ilə yüksəlir.

- Nazirliyin diqqət mərkəzində olan hansı perspektivli sahələri qeyd edə bilərsiniz?

- Praktiki olaraq bu gün bütün istiqamətlər strateji cəhətdən əhəmiyyətlidir. Məgər gənc nəslin estetik tərbiyəsi, milli mədəniyyətin təbliği, ölkənin beynəlxalq imicinin formalaşması vacib məsələlər deyil? Qeyd etdiyim kimi, ölkə iqtisadiyyatının prioritet sahələrindən olan turizm sənayesi bu gün xüsusilə diqqət mərkəzindədir. Eləcə də kino sənayesi, kitab çapı, muzey işi və s. bütün bu istiqamətlər də diqqət tələb edən sahələrdir və onların təbliğatı vacibdir. Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən biri də Azərbaycanın və xarici ölkələrin kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıqdır. Çünki mədəniyyətin təbliğində media hər zaman xüsusi rola malikdir.