Səmədzadədən rayonluları təhqir edən şairə dəstək: “Rüşvəti Bakıya rayonlular gətirib”

“Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır. Bu məsələdə nə qədər səmimi olduğumu mahnılarımın ifaçılarının Azərbaycanın müxtəlif bölgələrindən olması sübut edir.”

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ziyad Səmədzadənin qızı, Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə sosial şəbəkədə paylaşıb. O, "filankəs "bakılıdır" deyə onu üstün tutaq" söhbətini onun həm ailəsinə, həm də yaxın çevrəsinə yad olduğunu deyib:

"Yerlibaz söhbətlərini həmişə Bakıya sonradan gələnlər salıb. Yəqin düşdükləri yer, təklik, ev üçün darıxmalar da müəyyən aqressiya, özünümüdafiə halları yaradıb,bunu da anlayıram, amma bu, Bakını sevməməyə səbəb deyil. Bakı mənim üçün doğmadır. Mənə çox maraqlıdır, Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə burada yaşayır? Hər bölgənin yalnız öz balaca vətənini sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda. Ora da həkim, müəllim, jurnalist, vəkil lazımdır. Nə danışsaq, nə proqnozlar versək də, Azərbaycanı yalnız mütəşəkkil aydınlıq inkişaf etdirə bilər”.

Bəstəkar Azərbaycanı sevdiyini qeyd edib: “Gəlin, nə Azərbaycanı incidək, nə də hər gələnə qucaq açan Bakını. Ara-sıra paylaşdığınız Bakı və bakılılardan narazı statuslarınıza münasibətimi Bakılılar günündə bildirdim. Misal var, deyərsən, mərd olar, deməzsən, dərd olar.”

Aygün Səmədzadə hesab edir ki, təhsil müəssisələrində rüşvət də məhz rayon adamları tərəfindən yaradılıb: “Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa və motal pendiri və sair gələnəcən. Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir. Yerlibaz şərhlərə ehtiyac yoxdur.”

Bir neçə müddət bundan əvvəl şair Şəhriyar Del Gerani sosial şəbəkədə Azərbaycanın bütün bölgələrinin insanlarını mədəniyyətsizlikdə ittiham edib.

Bahar RÜSTƏMLİ

AzNews.az