“Musiqinin rəngləri” layihəsinin təqdimatı keçirilib - Foto

Dekabrın 22-də Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyevanın dəstəyi ilə pianoçu Səidə Tağızadə ilə əməkdar rəssam Rəşad Mehdiyevin birgə ideyası olan unikal “Musiqinin rəngləri” layihəsinin təqdimatı keçirilib.

Layihə çərçivəsində rəssam Rəşad Mehdiyevin tanınmış bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin bəstələdiyi bir neçə kompozisiyaya həsr etdiyi rəsm əsərləri nümayiş olunub.

Təqdimat mərasimində qonaqları salamlayan Bakı Media Mərkəzinin direktoru Orman Əliyev bu layihəni rəngkarlıq və musiqinin vəhdəti adlandırıb.

Bəstəkar Firəngiz Əlizadə, rəssam Rəşad Mehdiyev və pianoçu Səidə Tağızadə isə qonaqlara layihəyə olan maraqlarına görə təşəkkürlərini bildiriblər.

Daha sonra Bakı Media Mərkəzinin atriumunda Rəşad Mehdiyevin əsərlərinin təqdimatı başlayıb. Hər bir əsərin həsr olunduğu musiqi kompozisiyası pianoçu Səidə Tağızadə, fleytaçı Əminə Zülfüqarova və Ceyla Seyidova (skripka), Soltan Məmmədov (skripka), əməkdar artistlər Vaxtanq İmanov (alt) və Aleksey Miltixdən (violonçel) ibarət Azərbaycan Dövlət Kvarteti tərəfindən ifa olunub.

Rəsm əsərlərinin və bütövlükdə Bakı Media Mərkəzinin atriumunun xüsusi işıq effektləri ilə işıqlandırılması musiqi və rəsm dünyalarının harmoniyası atmosferini daha gücləndirib.

Bakı Media Mərkəzi incəsənət sahəsində xüsusi iz buraxan belə layihələrin davamlı olacağına ümidvardır və gələcəkdə də maraqlı yaradıcı təşəbbüslərə dəstək olmağa hazırdır.

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description