Dünyaca məşhur pianoçu haqqında maraqlı məlumatlar Dünyaca məşhur pianoçu haqqında maraqlı məlumatlar

Bakı stressdən bir günlük qurtulacaq

Dünyaca məşhur pianoçu haqqında maraqlı məlumatlar



Yaxın günlərdə pianoçu Keiko Matsuini qonaq qismində təqdim edəcək Heydər Əliyev adına saray insanlara Bakının stresindən , səs-küyündən uzaq bir gecə yaşadacaq.
Bakıya artıq üçüncü dəfədir səfər edəcək Keiko Matsui, məşhur yapon pianoçusu və caz ifaçısıdır. Musiqi dolu bir ailədə göz açan Keikonu ilk dəfə anası 5 yaşında ikən fortepiano sinfinə gətirir. İlk dəfə piano arxasında əyləşən Keiko daha sonra anasından onu bura tez-tez gətirməsini istəyir. Bir neçə il musiqi ilə fərdi məşğul olan Keiko bu illər ərzində həmişə necə geyinəcəyini , necə musiqi bəstələyəcəyini, insanların qəlbinə necə yol tapacağını düşünür. Və beləliklə o, 18 yaşında ilk musiqisini bəstələyir. Stiv Vonder, Sibelius, Çik Kora kimi musiqiçilərdən ilham alan Keiko daim öz üzərində işləyir, müsabiqələrdə qalib olaraq öz albomunu çıxartmaq imkanı əldə edir. Bu zaman kəsiyi ərzində öz qrupunu yaradan Keiko 4 il bu qrupda fəaliyyət göstərir.

Daha sonra solo fəaliyyətə başlayan ifaçı tezliklə məşhurlaşır. Onun ifa etdiyi tərz "müasir caz" ənənələrini özündə daşıyır. Bu tərz ifa günün hansı saatı, dəqiqəsi olmayaraq insanlarda sakit və xoş əhval ruhiyyə yaradır. Günün stressindən, problemlərindən uzaq qalmaq üçün insanlar məhz tez-tez Keiko Matsuinin musiqilərinə müraciət edir.
Onun bəstələdiyi musiqi nümunələrinin digər bir özəlliyi isə ənənəvi yapon fleytası olan "syakuxati" dən istifadə olunmasıdır. Müasir caz ənənələri və eyni zamanda syakuxatinin ahəngdarlığı Keikonun musiqilərini fərqli edən cəhətlərdir.

İlk albomu "A drop of water" 1987-ci ildə ABŞ-da işıq üzü görməsinə baxmayaraq 14-cü albomu "Blue deep" ona daha çox məşhurluq gətirir. Albomda yer alan həm qəmli, həm romantik, həm də düşündürücü ifalar rəngarəngliyi artırırdı. Bu albomdakı ifaları dinləyən insanlar onu Enya ilə müqayisə edirdilər. Amma Enyanın yaradıcılığı ilə yaxından tanış olan insanlar elə böyük oxşarlığın olmadığını vurğulayırdılar. Əslində Keiko caz musiqisinə yeni nəfəs gətirmişdi.
Onu qeyd edək ki, martın 27-si və 28-də şəhərimizin qonağı olacaq Keiko Matsui həm sonuncu albomundan olan musiqiləri, həm da ən məşhur ifalarını təqdim edəcək. Səhnəni gənc cazmen İfsar Sarabski ilə bölüşəcək müğənni Azərbaycanlı pərəstişkarları ilə yenidən görüşməkdən məmnun olacağını qeyd edib.

Aysel
AzNews.az