Media Hüququ İnstitutu bəyənat yaydı

Media Hüququ İnstitutu bəyanat yayaraq defamasiya iddialarının artmasından narahatlıq ifadə edib:

"Bu günlərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev www.mia.az informasiya agentliyini məhkəməyə verərək media quruluşunun 100 000 manat cərimələnməsini tələb edib. Media Hüququ İnstitutu defamasiya iddialarına baxan yerli məhkəmələrin ədalətli, düzgün araşdırma və qərarvermə üçün vacib olan meyarlardan çıxış etmədiyini, belə olan şəraitdə mediaya qarşı qaldırılan ağır tələbli iddiaların ölkədə jurnalist haqlarına ciddi qorxular yaratdığını vurğulayır, kiçik büdcəli onlayn media quruluşuna qarşı belə ağır maliyyə cəzasının istənilməsinin ümumilikdə media üçün çəkindirici rol oynadığını qeyd edir.

İcra edilməsi mümkünsüz olan belə ağır tələblər jurnalistlərin bilgiləri çatdırma imkanlarının qarşısını almasa da, senzuraya bərabərdir, çünki jurnalistləri gələcəkdə ictimai önəm daşıyan məsələlər barədə ictimai müzakirələrin aparılması işinə töhfələr verməkdən çəkindirə bilər.

Media Hüququ İnstitutu aparıcı tənqidi nəşrlər olan "Azadlıq", "Yeni Müsavat" qəzetlərinə qarşı onlarla defamasiya iddiasının məhkəmə baxışında olduğunu da yada salaraq hökuməti ifadə azadlığı ilə bağlı işlərdə ədalətli qərarların verilməsini təmin edən, demokratik ölkələrin məhkəmə təcrübəsində, xüsusilə də Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində sınaqdan keçmiş meyarlara uyğun defamasiya qanununu tezliklə müzakirəyə çıxarıb qəbul etməyə, məmurlara defamasiya iddiaları qaldırmağı yasaqlayan qanuni mexanizmlər yaratmağa, ictimai bilgilərə asan çatımı təmin edən addımlar atmağa çağırır".

AzNews.az