Mirəşrəf Fətiyev telekanal açdı - FOTO

İsveçin Malmö şəhərində "Bütöv Azərbaycan" Televiziyasının açılış mərasimi keçirilib


Modern.az bildirir ki, kanalın təsisçiləri - Dünya Azərbaycanlıları Konqresinin sədri, professor Mirəşrəf Fətiyev və təşkilatın İdarə Heyətinin üzvü Cavad Derəxtidir. "Bütöv Azərbaycan" adlanan yeni televiziya kanalı İsveçdə qeydiyyatdan keçib. Kanalın müasir HD formati ilə yayımlanacağı haqda qərar qəbul edilib. Bütün texniki vəsait bu formata uyğundur.

Televiziya açılışına Azərbaycandan və Avropa ölkələrindən soydaşlarımız və Türkiyə mətbuatının təmsilçiləri qatılıb. Tədbirin xüsusi qonaqları sırasında Azərbaycan Respublikasının millət vəkili Etibar Hüseynov, Azərbaycanın xalq artisti Bilal Əliyev də vardı. Azərbaycan diaspor qurumlarından İsveçin Azərbaycan Federasiysı, Ümumrusiya Azərbaycan Konqresi, Güney Azərbaycan Milli İstiqlal Partiyası, Dünya Azərbaycanlıları Konqresi təşkilatlarının təmsilçiləri bu tədbirdə iştirak etməklə "Bütöv Azərbaycan" Televiziyasına hər zaman yardıma hazır olduqlarını bildirdilər.

Rəsmi açılışdan sonra Mirəşrəf Fətiyev və Cavad Derəxti mətbuat konfransı keçirib. "Bütöv Azərbaycan" Televiziyasının həmtəsisçisi Mirəşrəf Fətiyev bildirib ki, "yeni kanalı açmaq zərurəti İran dövlətinin köklü xalqlarına, xüsusən, azərbaycanlılara qarşı diskriminasiya siyasətinin günbəgün şiddətlənməsindən irəli gəlib". Professor Fətiyevin fikrincə, kanalın əsas məqsədi İranda baş verən hadisələri dünyaya yaymaq, bununla da dünyanın diqqətini Güney Azərbaycan mövzusuna yönəltməkdir. "Mən hesab edirəm ki, Güney Azərbaycandakı durumla bağlı dünya həyəcan təbili vurmalıdır, çünki 35 milyonluq azərbaycanlının haqqı pozulur, soydaşlarımız öz evlərində belə peyklə Azərbaycan televiziyasına baxarkən fars rejiminin ciddi təzyiqləri ilə üzbəüz qalırlar. İstənilən halda "Bütöv Azərbaycan" TV Güneydəki toplumumuzun və mühacirətdəki Güneyli soydaşlarımızın arzu və maraqlarının təmin edilməsi istiqamətində çalışacaq.

M.Fətiyev onu da əlavə etdi ki, Qarabağın işğalı haqda videomateriallar "Bütöv Azərbaycan" Televiziyasında prioritet təşkil edəcək. Qeyd edək ki, kanal bütün dillərdə yayımlanmaq hüququna malikdir.

"Bütöv Azərbaycan" Televiziyasının həmtəsisçisi Cavad Derəxti isə Azərbaycanın yeni kanalın açılmasına olan münasibətə toxundu. "Biz Azərbaycanın İsveçdəki səfirinə telefon açdıq, ona dəvətnamə göndərdik, ancaq nə faydası – İsveçdəki səfirliyimizdən bir nümayəndə belə xalqımız üçün bu mühüm hadisəyə nəinki qatılmadı, heç zəng edib təbrik belə etmədi". "Biz Bütöv Azərbaycandan, Qarabağ dərdindən danışıb bu sahədə bir iş görmək istəyirik, ancaq dəstək əvəzinə laqeydlik görürük".

Açılış mərasimi zamanı millət vəkili Etibar Hüseynov çıxış edərək, kanal təsisçilərinə Quran hədiyyə etdi. Çıxışçılar arasında Rusiya Xalqlar Universitetinin dosenti Oqtay Hüseynov, İsveçin Azerbaycan Federasiyası təşkilatının sədri Səttar Sevgin və başqaları çıxış etdi. Səttar Sevgin yeni kanalın büdcəsinə 5000 kron pul köçürüb.

AzNews.az