Nazirliyin sifarişi ilə hazırlanan tamaşa nümayiş olundu

Dünən Milli Dram Teatrında Kamal Abdullanın "Şah və Şair, yaxud hamı səni sevənlər burdadı..." adlı pyesinin tamaşası nümayiş edildi.

Qeyd edək ki, sözü gedən tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb. Tamaşa yazıçının məşhur "Yarımçıq əlyazma" romanında əksini tapan bir motiv əsasında səhnələşdirilib.

Maraqlı dekorasiyalar, işıq effektləri, musiqi və videoçarxlardan istifadə olunan tamaşanın rejissoru Mikayıl Mikayılov, rəssamı Mustafa Mustafayev, neon effektləri üzrə rəssamı Fərid Ələkbərov, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşa ikihissəli xəyali oyun kimi təqdim olunub. Tamaşada "Savalan" qrupunun musiqilərindən istifadə olunub.

Rolları əməkdar artistlər Vidadi Həsənov, Elşən Rüstəmov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Oqtay Mehdiyev, Vüsal Mustafayev ifa etdi.

Xatırladaq ki, bu tamaşa hələ illər öncə mərhum rejissor Hüseynağa Atakişiyevin quruluşunda təqdim olunub.

Bahar Rüstəmli
AzNews.az