Oktyabrda “Qisas almadan ölmə” filminin təqdimatı olacaq

Oktyabrda "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan kinorejissor Oqtay Mirqasımovun "Qisas almadan ölmə" filminin təqdimatı olacaq.

Bu bardə APA-ya kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, filmin post-prodakşn işləri İsrail film şirkətində aparılıb.

Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşırlar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır. Ekran əsərinin intriqa yaradan adının açıqlaması sonda aydın olur. Süjet elə qurulub ki, film tamaşaçının gözləmədiyi, ağlına gətirmədiyi sonluqla bitir.

AzNews.az