Kinematoqrafçılar Milli Kino Gününü qeyd etməyi təxirə saldı

Rüstəm İbrahimbəyovun sədri olduğu Azərbaycan Kinemotoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı heç bir tədbir keçirməyəcək.


Bu barədə AzNews.az-a ittifaqın katibi, "Dərviş" Prodüsser Mərkəzinin rəhbəri Əli İsa Cabbarov dedi. Onun sözlərinə görə, katiblik bu bayramı R.İbrahimbəyovsuz keçirmək istəmir: "Rüstəm İbrahimbəyovun kino bayramı ilə əlaqədar fikri belə idi, biz Kino Gününü onsuz qeyd edək. Amma biz bayram tədbirini katibliyin və üzvlərin məsləhəti ilə təxirə saldıq. Belə qərar alındı ki, kino bayramını onsuz keçirməyək. Rüstəm müəllim gələndə, yəni avqust ayı ərəfəsində biz bu bayramı qeyd edib mükafatları verəcəyik".

Əli İsa Cabbarov onu da bildirib ki, Kinemotoqrafçılar İttifaqının qərarı ilə illik mükafatların sahibi bəlli olub: "Bu namizədlər səsvermə yolu ilə seçilib. Onlardan biri Azərbaycanın məşhur aktyoru, digəri sənədli filminin görkəmli nümayəndəsi, üçüncüsü isə animasiya filmlərində xidmətləri olan bir aktyordur. Həmin mükafat Rüstəm bəy Bakıya gələndə sahibinə təqdim olunacaq."


Bahar Rüstəmli
AzNews.az