Aşıq Zülfiyyə: “Mən savadsız adamam” – Müsahibə

Aşıq Zülfiyyənin AzNews.az-a müsahibəsi:

- Zülfiyyə xanım, İctimai Televiziyada xeyli müddət aparıcılıq etdiyiniz "Ozan" verilişi niyə dayandı?

- Bu il bir-iki veriliş çəkdilər. Mən də fikirləşdim ki, bu həftə təzə bir veriliş çəkəcəklər. Soruşanda dedilər, hələ gəlmə, bir müddət təkrar gedəcək. Mən də onların bu sözünə inandım. Doğrudan da iki həftə veriliş təkrar yayımlandı. Sonra mənə dedilər ki, verilişi sən yox, Qorxmaz Tofiqoğlu aparacaq.


- Deyilənə görə, sizin "Ozan"dan uzaqlaşdırılmanıza səbəb aparıcılığınızın İTV rəhbərliyinin xoşuna gəlməməsidir?

- Ola bilər. Hər kəs öz fikrində azaddır.

- Sizcə, Qorxmaz Tapdıqoğlu ilə aranızdakı fərq nədədir?

- O, radioda aparıcı idi. Çox savadlıdır, dəyərli dostumdur. Mən bu barədə qətiyyən narahat deyiləm.

- Zəlimxan Yaqub da daxil olmaqla aşıq sənətinin başında dayananlar sizin aparıcılığınızdan narazı idi. Hər dəfə müsahibələrində sizi tənqid edirdilər. Bəlkə verilişdən uzaqlaşdırılmağınızın səbəbi məhz budur?

- Əslində, onların mənlə deyil, yanımdakı həmkarımla araları yox idi. Mən belə eşitmişdim. Amma onlar məni harada görürdülərsə, çox səmimi şəkildə ünsiyyət qururdular. Hətta həmkarım bu barədə mənim özümə də gileyləniblər, irad bildiriblər, tənqid ediblər. Deyirdim, axı o, savadlı musiqişünasdır, mənsə savadsız bir adamam. Onlar da mənə deyirdilər ki, sən düz demirsən. İndi ola bilsin ki, verilişdən ayrılmağımız da məhz bu məqamla bağlıdır. Çünki bu barədə mənim özümə demişdilər. Amma mən onların heç birinin iradını qəbul etmirəm. Bizi Mübarizlə bir yerdə çıxardılar. Verilişdəki digər şəxslər isə hələ də heyətdədirlər. Sizə bir sirr açım, hələ biz bu verilişə gəlməmişdən əvvəl həmin bu Qorxmazın aparıcı olmaq məsələsi vardı. Şəxsən biz də buna sevinirdik. Qorxmaz elə həmin vaxtdan orada aparıcı olmalı idi.

- Bəs siz bunu bildiyiniz halda niyə ikinci aparıcı kimi Qorxmaz Tofiqoğluna üstünlük vermədiniz?

- Mənə dedilər ki? Heç məndən bunu soruşan oldu? Bizi birdən çağırdılar ki, "Ozan"ı Mübarizlə sən aparacaqsan. Dedim ki, bəs mən ayrı bir şey eşitmişdim. Mən kiməm ki, kiminsə namizədliyini verəydim.

- Yerinizə gələn həmkarınız Qorxmaz Tofiqoğlunu təbrik etdiniz?

- Mən ona zəng edib təbrik də etdim. Dedim, elə bura sənin yerindi. Dedi, "sən Allah birdən məndən inciyərsən". Həyatım boyu heç nədə gözüm olmayıb. Ona qətiyyən iradım yoxdur. Qoy aparıcı o olsun. Yəqin ki, mən televiziya rəhbərliyini qane etmədim.

Bahar Rüstəmli
AzNews.az