Azərbaycan filmi Rusiyada qalib oldu

İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Carçıfilm"in istehsalı olan "Qayağı" filmi Rusiya paytaxtında keçirilən "Beynəlxalq Televiziya və Kino Filmləri" festivalında "Ən Yaxşı sənədli film nominasiyası"nın qalibi seçilib. Filmin rejissoru Röyal Əliyev AzNews.az-a açıqlamasında "Qağayı" adının haradan qaynaqlandığını bu cür açıqlayır. "Samirə adlı bir qız uşaqlıqdan ayaqları tutulsa da, eyni zaman da nitq qabiliyyətini itirsə də özündə güc taparaq ayağı ilə rəsm çəkməyə başlayıb. Bir çox yerli və xarici festivalların qalibi olub. Bu fakt məni sehirlədi və Samirə ilə görüşməyi qərara aldım. Onun 30 yaşı var idi artıq... Daha rəsm çəkmirdi. Səbəbi isə evlərində lazımi şəraitin olmaması idi. Atasının isə Samirənin emalatxana istəyini reallaşdırmağa heç bir imkanı yox idi. Onun çəkdiyi rəsmlərə baxdım, doğrusu gözlərimə inana bilmirdim. Ürəyimdən keçdi ki, bir film çəkim, bəlkə bununla bir təskinlik tapım. Ssenarini yazdım".

Qeyd edək ki, filmin qurluşçu operatoru Manaf Quliyev, montaj rejissoru Elşad Rasimoğludu. Bundan başqa İctimai Televiziya və Radio Yayımları Şirkəti daha bir uğur əldə edib. Qurum AZERI BUSINESS AWARD Milli mükafatının laureatları sırasına da yer alıb.

Bahar Rüstəmli
AzNews.az