Kitab bazarında “qiyamət” qiymətlər Kitab bazarında “qiyamət” qiymətlər

Biz niyə kitab oxumuruq?

Kitab bazarında “qiyamət” qiymətlər



Almaniyalı professor Fişer deyir ki, insan düşündükcə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir: "Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehini məşğələ etmək lazımdır. İllərlə işləməyən beynin nə hala düşdüyünü özünüz təsəvvür edin".

Beyinin inkişaf etdirilməsinin birinci yolu isə kitab oxumaqdan, bilik qazanmaqdan keçir. Araşdırmalar zamanı məlum olur ki, bir yaponiyalı ildə 25, isveçli 10, fransalı 7 kitab oxuyur. Türkiyədə isə ildə orta hesabla 7 nəfərə 1 kitab düşür. Azərbaycanda isə bu göstərici daha məyusedicidir. Bu statistikadan da görünür ki, ölkələrin kitab oxumaları ilə inkişafı düz mütənasibdir. Daha gözəl cəmiyyət üçün daha çox kitab oxumaq lazımdır. Azərbaycanda kitab oxumağa mane olan bir çox amillər var. Bu amillər içində şübhəsiz ki, qiymət amili də ön plandadır. Bu gün ölkəmizin kitab mağazalarında satılan kitabların qiymətləri heç də əhalinin "cibinə" uyğun deyil. Əli və Nino kitab mağazasından AzNews.az saytına verilən məlumata görə kitabların qiyməti 3 manatda 4000 manata qədər dəyişir. "Çıraq" kitab mağazasından əldə etdiyimiz məlumata görə burada əsasən xarici ədəbiyyatlar satılır, qiymətlər isə 3-50 manat civarındadır. "Ada Book Center" mağazasında da qiymətlər nə tələbələrin təqaüdünə, nə də orta aylıq əmək haqqına uyğundur. Belə ki, mağazadan bildirdilər ki, kitabların əksəriyyəti 10 manatdan bahadır. Bizim maraqlandığımız "Azərbaycan Dilinin Orfoqrafik Lüğəti" 10 manat, İngilis dilindən tərcümə olunmuş "Pisixologiya" 9.80 manatdır.

Digər araşdırmalarda da məlum oldu ki, əsasən elmi ədəbiyyatların qiyməti 10 manatdan aşağı deyil. "Əli və Nino" kitab mağazasında Rus dilində 68 cildlik "Ensklapediya"nın qiymət 4000 manata bərabərdir.

İndi keçək əsasən kitab oxuyan təbəqələrin "cib" göstəricilərinə... Əsasən kitab oxumağı daha çox lazım olan təbəqələrə: doktorantlara 100 manat; ali təhsil müəssisələrində: adlı təqaüd alan tələbələrə 100 manat, magistr pilləsi üzrə: əla qiymətlərlə oxuyan tələbələrə 85 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 70 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 45 manat təqaüd verilir. Bakalavr pilləsi üzrə isə əla qiymətlərlə oxuyan tələbələrə 80 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 65 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 40 manat verilir. Orta ixtisas təhsili müəssisələrdə əla qiymətlərlə oxuyan tələbələrə 40 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə 35 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə 30 manat təqaüd verilir. İlk peşə-ixtisas təhsili müəssisələrin şagirdlərinə isə 30 manat təqaüd verilir. Onu da qeyd edək ki, Azərbaycanda artıq ali təhsil müəssisələrində təhsil alan tələbələrin təxminən 65-70 faizi təqaüd almır, əksinə təhsili müqabilində haqq ödəyir.

Sözsüz ki, Azərbaycanda kitab oxumağa marağın az olması təkcə qiymət amilindən qaynaqlanmır. Ancaq kitabların qiyməti ilə kitab oxumaq istəyənlərin maddi durumunu müqayisə etdikdə görürük ki, bu çox ciddi amildir.

Bahadur Eyuboğlu
AzNews.az