Bu gün xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun ad günüdür. O, yaradıcılığındakı bəzi məqamları məhz ad günündə AzNews.az-a açıqlayıb. Bu gün xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun ad günüdür. O, yaradıcılığındakı bəzi məqamları məhz ad günündə AzNews.az-a açıqlayıb.

“Televiziyalar bizi bir-iki cümlə ilə yola verir” - Mənsum İbrahimov

Bu gün xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimovun ad günüdür. O, yaradıcılığındakı bəzi məqamları məhz ad günündə AzNews.az-a açıqlayıb.

-Mənsum İbrahimov qocalır - yaşınızın üstünə bir yaş da gəlir. Bu, xanəndəyə hansı əhval-ruhiyyəni verir?

-Qocalırıq, yaşlaşırıq... Bu gün mənim ad günümdür. 54 yaşım olur. Yubileyin bir addımlığındayam. Bu doğum günümlə bağlı İctimai Televiziya mənim haqqımda bir sənədli film çəkib. Bu gün film yəqin ki, efirdə olacaq.

-Ad günü ilə əlaqədar tamaşaçılara nə vəd edirsiniz?

-Yeni bir disk çıxacaq. Hazırda həmin diskin üzərində işləyirəm. Xalq mahnıları, təsniflər, muğamlar həmin diskdə yer alıb.

-Yeni yaşında Opera və Balet Teatrında tamaşaçılar Sizi yeni bir obrazda görə biləcək?

-Mən bu teatrda əsas milli operalarda oynayıram. Bu, Azərbaycanın milli klassik operalarıdır. Yəqin ki, bundan sonra da mən klassik obrazlarda oynayacam. Təbii ki, mənim üçün əsas "Məcnun" obrazıdır. Mən bu obrazı çox sevdim.

-"Məcnun"un yubileyinə az qalıb. 130-cu Məcnunu qeyd edəcəksiniz?

-Hə, 4 roldan sonra mənim Opera və Balet Teatrının səhnəsində yaratdığım 130-cu Məcnun olacaq. İnşallah, gərək bunu qeyd edəm. Zarafat deyil, bu teatrın səhnəsində hər kəsə nəsib olan obraz deyil.

-Beynəlxalq Muğam Müsabiqəsi ilə bağlı hazırlıq işləri nə yerdədir?

-Həm Beynəlxalq Muğam Müsabiqəsi, həm də Respublika Muğam Müsabiqəsi iki ildən bir keçirilir. 2015-ci ildə bu müsabiqələrin ikisinə də start veriləcək. Artıq hər iki müsabiqə ilə bağlı demək olar ki, hazırlıq işlərinə başlanılıb.

-Bu müsabiqələrdə yenilik kimi nə görmək istərdiniz?

-Əsas səsdir. Sonra da istedad. Bunlar ikisi bir arada olanda müsabiqə də istədiyimiz kimi baş tutur. İstəyirəm ki, Azərbaycan muğam sənətinə yeni səslər gəlsin. Təbii ki, Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycan yenə də ev sahibliyi edəcək. Həmin müsabiqədə gözəl proqramlar, konsertlər olacaq. Hətta, operaların da nümayiş olunacağı gözlənilir. Əlbəttə ki, bunların hər biri Azərbaycanın təbliğatıdır.

-Ölkədə muğam sənətinə qoyulan diqqət, sayğı göz qarşısındadır. Eyni zamanda bu diqqətdən ən çox faydalanan xanəndələrdir. Amma buna baxmayaraq, muğam ifaçılarının solo konsertləri gözə dəymir

-Deməzdim, az olur. Muğam Mərkəzinin repertuarına baxsanız demək olar ki, orada hər həftə muğam konsertləri olur. Elə ötən həftə Mirzə Şəfi Vazehin yubileyi qeyd olundu.

-Söhbət yaradıçılıq, yubiley gecələrindən deyil, solo konsertlərdən gedir...

-Yox, muğam konsertləri də olur. Amma həmin konsertlərin reklamları yoxdur. Bu üzdən də xanəndələrin solo konsertləri barədə tamaşaçı məlumatsızdır. Reklam yetərincə olmalıdır. Belə olarsa, tamaşaçı da ona maraq göstərir.

-Bu boyda qayğının qarşısında xanəndələrin reklam kampaniyası niyə yoxdur?

-Bax bu, bizim hamımızın ən yaralı yerimizdir. Görünür, bu, maliyyə tələb edir. Özü də böyük miqdarda. Amma əslində, hesab edirəm ki, reklam kampaniyası başlamalıdır. Azərbaycana qonaq gələn əcnəbilər, turistlər muğam sənəti ilə çox maraqlanırlar. Muğam konsertləri efirlərdə reklam olunmalıdır. Bu bizi narahat edən məsələdir.

-Bu problemlə bağlı Heydər Əliyev Fonduna təkliflə müraciət etmisiniz?

-Yox. Heydər Əliyev Fondunun o qədər işləri var ki... Fond böyük layihələr həyata keçirir. Hər şeyi Fondun boynuna niyə ataq ki? Bu, əslində çox xırda məsələlərdir.

-Bəlkə elə dövlət televiziyalarına müraciət edəsiniz?

-Bu çox düz fikirdir. Mən hesab edirəm ki, bunu televiziyalar etməlidir. Elə mən də bu fikirdəyəm. Xanəndələrin solo konsertləri haqqında xəbəri mətbuat yazır. Ondan da az tamaşaçı xəbər tutur. Elə mənim konsertimi götürək. O boyda İtaliyada konsert verdik, bu, Azərbaycan kanalında və mətbuatında yetərincə reklam olunmadı. Çox təəssüf ki, lazımsız xəbərləri gündəmə verirlər. Ölkənin adı, mədəniyyəti ilə bağlı belə böyük layihələri efirə verən yoxdur. Bu məsələyə ciddi yanaşmırlar, bir-iki cümlə ilə yola verirlər. Yəni, bu nədir? Söhbət Alim Qasımovdan, yaxud da Mənsum İbrahimovdan getmir. Bu, bizim mədəniyyətimizdir. Buna hər bir şəxs dəstək verməlidir. Biz özümüzə ad günü keçirmirik, Azərbaycan mədəniyyətini təbliğ edirik. Baxırsan ki, kiminsə geyimini, yaxud da hər hansı qalmaqalı ön səhifəyə çıxarırlar. Halbuki, belə böyük mədəniyyət xəbərlərini elə yerə qoyurlar ki, onu orada heç kəs oxumur. Bu, təkcə biz xanəndələrin ümumi problemi deyil, bu, bütövlükdə Azərbaycan mədəniyyətinin problemidir. Hesab edirəm ki, bu məsələdə kanallar məsuliyyət daşıdıqlarının fərqində olmalıdır. Qeyd etməliyəm ki, bizim təbliğatımızla AzTV və İTV məşğul olur. Amma bu azdır, gərək bütün mətbuat bu sahəyə diqqət ayırsın.

-Dediniz ki, İtaliyada olmusunuz. Səfəriniz nəylə əlaqədar idi?

-Təzəcə gəlmişəm. İtaliyanın Verona şəhərində Antik Teatrda böyük bir konsert oldu. Həmin teatr 12 min tamaşaçı tutur. Bu konsert Verona Simfonik Orkestrinin müşayiəti ilə iki ölkə musiqiçilərinin birgə layihəsi idi. Konsert Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə baş tutdu. Konsertdə həmçinin dirijor Yalçın Adıgözəlov, xanəndə Aygün Bayramova, vokalist Azər Rzayev, "Qarabağ" muğam qrupu Elçin Həşimov, Elnur Əhmədov iştirak etdi. Eyni zamanda İtaliyanın məşhur müğənnisi Alibano da bizimlə birgə həmin konsertdə idi. Həmin konsertdə Verona şəhərinin meri, Azərbaycan səfirinin çıxış oldu. Azərbaycanın və İtaliyanın bayraqları qaldırıldı, dövlət himni çalındı. Sonda isə Vasif Adıgözəlovun "Qarabağ şikəstəsi"nin finalını bütün salon ayaq üstə dinlədi. İtaliyanın ən məşhur televiziyası və mətbuatı həmin konserti yayımladı. Yəqin ki, yaxın günlərdə bu konsert Azərbaycan televiziyasında yayımlanacaq.

-Azərbaycan Opera və Balet Teatrında mövsüm açılışı yenə də Mənsum İbrahimovun səsi ilə başladı?

-Bəli, həm musiqi günü, həm də teatrın yeni mövsüm açılışı ilə bağlı "Leyli və Məcnun" tamaşası nümayiş olundu. Mən bu dəfə səhnəyə Nəzakət Teymurova ilə çıxdım. Bu, mənim sayca 126-cı Məcnunum idi. Mən Opera və Balet Teatrının səhnəsində 126-cı dəfə Məcnun oynadım. Bu mövsümdə yeni tədbirlərimiz çox olacaq. Yeni tədris ilini yeni binamızda başladıq. Bir neçə səfərlərimiz olacaq. Sadəcə hələ bu dəqiqləşdirilir. Elə səfərlər var ki, onu demək istəmirəm.

-Tələbələrinizin sayı artmaqdadır?

-Hə, inşallah yenə də artacaq.

-Onların arasında gələcəyin Mənsum İbrahimovu varmı?

-Əlbəttə ki. Bizim xalqın potensialı çox böyükdür. Məsələn, mənim tələbələrim artıq mənimlə birgə konservatoriyada dərs deyirlər. Bunun özü mənim üçün qürurdur. Eyni zamanda Opera və Balet və başqa teatrların solistləridir. Mən onların uğuruna çox sevinirəm. Azərbaycanın gəncliyi çox istedadlıdır. Onların hər birinə dəstək oluram. Təbii ki, bu, bizim borcumuzdur. Azərbaycan muğamı inkişaf etməlidir və edir də. Mən buna görə şəxsən Heydər Əliyev Fonduna, Mehriban xanım Əliyevaya öz təşəkkürümü bildirirəm. Mehriban xanımın Azərbaycan muğamına diqqəti çox böyükdür.

Bahar RÜSTƏMLİ
AzNews.az