Əlikram Əliyev: “Onun fəaliyyəti qənaətbəxş deyil” Əlikram Əliyev: “Onun fəaliyyəti qənaətbəxş deyil”

Gülər Əhmədovanın adamı işdən qovulur - QALMAQAL

Əlikram Əliyev: “Onun fəaliyyəti qənaətbəxş deyil”



"Mən adını çəkdiyiniz qadını tanımıram. Nazirlik strukturunda işləyənlərin hamısını tanımağa borclu deyiləm ki..". Bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deputat Gülər Əhmədova ilə eks-rektor Elşad Abdullayev arasındakı qalmaqalda adı keçən kitabxana direktoru Sevinc Babayevanın məsələsinə münasibət bildirərkən belə deyib.

Bakı şəhər baş Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev AzNews.az-a açıqlamasında Əbülfəz Qarayevin fikirləri ilə razılaşdığını dedi: "Mən bu gün direktorları tanıyıram. Onlar da işçilərini. Mədəniyyət və Turizm İdarəsində 5 mindən çox işçi çalışır. Özümü götürürəm. Mən 5 min adamı bir-bir tanıya bilmərəm. Onların şəxsi həyatına nəzarət etmə funksiyası bizdə deyil. Biz belə şeyə gedə bilmərik. Biz bəyəm işə adam götürəndə onun şəxsi həyatı ilə maraqlanırıq? Hər bir insanın şəxsi həyatı var. Bu bizim sahədə baş verməyib. Bunu mədəniyyətə qatmayın. Mən idarəmdəki istənilən işçi haqqında nəsə deyə bilərəm. Kitabxanada işləyən adi bir işçi haqqında isə mən nə deyə bilərəm axı?".

İdarə rəisi Sevinc Babayevanın işindəki nöqsanlardan danışdı: "Bu xanım işlə bağlı olaraq, hələ ötən il bizə müraciət edib. Qəribə burasıdır ki, onun işlədiyi kitabxananın adını belə düz yazmırlar. Onun işlədiyi müəssisənin adı belə gedir – "Sabir adına Kitabxana-klub". Biz onu bir il, yəni müvəqqəti olaraq, işlə təmin elədik. İstər kitabxanalarda, istərsə də mədəniyyət evlərində işə nəzarəti gücləndirmək məqsədi ilə hər kvartal yerlərdə monitorinq aparılır. Uyun ayında keçirilən monitorinq vaxtı məlum oldu ki, onun fəaliyyəti qeyri-qənaətbəxşdir. Müəyyən səhvlər, nöqsanları var, işi qura bilməyib. Araşdırma zamanı onun böyük səhvlər buraxdığı aktlaşdırıldı. Yəni, adından da göründüyü kimi orada həm kitabxana, həm də klub fəaliyyət göstərir. Bu xanım da işi qura bilməmişdi.

Buna görə də biz ona töhmət verdik. Və xəbərdarlıq etdik ki, işi düzgün qura və dönüş yarada bilmədiyinizə görə, müqavilənizin vaxtı uzadılmayacaq. Bu hadisənin bizə aidiyyəti yoxdur. Kiminsə işdən sonrakı və bizdən əvvəlki həyatı bizi maraqlandırmır. Ötən il oktyabr ayından bizdə işləyir. Baş verən hadisələr isə bundan çox-çox öncələr olub. Oktyabrın 18-də onun müqaviləsinin ili tamam olur və biz onunla vidalaşırıq. Özü də biz bu qərarı iyun ayında qəbul etmişik".

Ə.Əliyev bildirdi ki, baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Baş Mədəniyyət və Turizm İdarəsinə heç bir sorğu daxil olmayıb.

Bahar Rüstəmli
AzNews.az