Zəlimxan Yaqub medal aldı

Bu gün Xalq şairi Zəlimxan Yaqub daha bir medalla təltif olunub. Medal Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası tərəfindən verilib.

Xalq şairinə bu mükafatı Assosiasiyanın prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Əli Nəsibov təqdim edib: "Azərbaycan Nyu-York Assosiasiyası 7 ildir ki, fəaliyyət göstərir. Bu mükafat Azərbaycanı dünyada daha yaxşı tanıdan, diaspora işinə yaxından kömək edən görkəmli ədəbiyyat və incəsənət xadimlərinə verilir.

Zəlimxan Yaqubun bu mükafata layiq görülməsi də təsadüfi deyil. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi Zəlimxan Yaqubu Amerika Birləşmiş Ştatlarında da yaxşı tanıyırlar. Bu ölkədə yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar onun əsərlərini sevə-sevə oxuyurlar, kitabları burada fəaliyyət göstərən Azərbaycan məktəblərinin hamısında var".

Təqdim olunan mükafata görə, minnətdarlığını bildirən Xalq şairi bu mükafatın onun üçün böyük əhəmiyyət daşıyacağını vurğuladı: "Çünki bunu mənə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında əlaqələrin daha da möhkəmlənməsində körpü rolu oynayan bir təşkilat verir. Bu gün Azərbaycanın səsini dünyanın hər yerinə yaymaq hamımızın vətəndaşlıq borcumuzdur".

Bahar Rüstəmli
AzNews.az