Musiqili Komediya Teatrı «Junior Eurovision-2012»də

Bu il ölkəmizin ilk dəfə qatılacağı "Junior Eurovision-2012" yarışmasında Musiqili Komediya Teatrnın Yaradıcılıq studiyasının balaca istedadları da özlərini sınayıblar. Son mərhələyə qədər seçim turundan keçən Qəmərtac Maqsudova, Toğrul Kərimov və Suada Ələkbərova yaşıdları arasında çox fərqli çıxışlar təqdim ediblər.

Suada Ələkbərova isə artıq adı hamıya yaxşı məlum olan Ömər Sultanovla birlikdə final mərhələsinin qalibi olmuş, 12 ölkənin qatılacağı gənc istedadların "Evrovision" yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Qeyd edək ki, Suadanın 11 yaşı var. Bir neçə ildir ki, teatrının yaradıcılıq studiyasında müəllim Nigar Axundova-Kərimovanın rəhbərliyi ilə vokal-oxuma məşğələlərində iştirak edir.
Studiyanın direktoru Əminə Musayeva bizimlə söhbətində bildirdi ki, studiya üzvlərinin bu uğuru təsadüfi deyil: "Çünki onlar bu yarışmaya çox ciddi hazırlaşıblar. Mən sevinirəm ki, son mərhələyə vəsiqə qazanan 5 uşaqdan 3-ü bizim studiyanın yetirməsi oldu.

Suada isə finalçı kimi Amsterdamda keçiriləcək yarışmada ölkəmizi təmsil etmək hüququ qazandı". Ə.Musayeva onu da bildirdi ki, bu yarışmada iştirakçılara Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev də böyük dəstək olub.

Bahar Rüstəmli
AzNews.az