Tarixdə bu gün: 16 May Tarixdə bu gün: 16 May

İlk Oskarın təqdimatı keçirilib - 86 il il öncə

Tarixdə bu gün: 16 May


Tarixdə bu gün mayın 16-da 1992-ci ildə Azərbaycanda baş vermiş hakimiyyət çevrilişi parlament müstəvisində rəsmiləşib. Ali Sovet Ayaz Mütəllibovu prezident postunda bərpa etmək barədə 14 may tarixli qərarını ləğv edib.

922 — Bulqar xanlığı İslam dinini dövlət dini kimi qəbul edib.

1812 – Rusiya-Türkiyə (Osmanlı) müharibəsinin (1806-1812) yekunlarına dair Buxarest sülh müqaviləsi imzalanıb. Sülhün şərtlərinə görə, Osmanlının nəzarətindəki Bessarabiya (indiki Moldovanın bir hissəsi) Rusiyaya birləşdirilib. Sənədə əsasən, Osmanlı dövləti Cənubi Qafqazın çar Rusiyası tərəfindən işğalı ilə razılaşdığını təsdiqləyib.

1868 — ABŞ prezidenti Endrü Consona (şəkildə) qarşı impiçment proseduru onun lehinə başa çatıb.

1898 - Yaponiya milli kinematoqrafiyasının banilərindən olan rejissor Kendzi Midzoquti (Kenji Mizoguchi, 1898-1956) anadan olub.

1907 – Azərbaycan tanınmış pediatrı və səhiyyə təşkilatçısı, professor Kubra Fərəcova (1907-1988) anadan olub. Azərbaycan SSR xalq səhiyyə komissarının müavini, səhiyyə naziri, respublika Ali Soveti Rəyasət Heyətinin katibi olub.

1910 - Görkəmli rus-sovet yazıçısı və şairəsi Olqa Berqols (1910-1975) anadan olub. Böyük Vətən müharibəsində 900 gün blokadada qalan Leninqradda fədakar yaradıcılıqla məşğul olub, radioda çalışıb, "Leninqrad poeması"nı yazıb.

1915 - Tanınmış İtaliya kinorejissoru Mario Moniçelli anadan olub. Filmləri: "Polislər və oğrular", "Böyük müharibə" və s.

1929 — Hollivudda ilk Oskar mükafatlarının təqdimat mərasimi keçirilib.

1943 — Varşava gettosundakı antifaşist üsyanı yatırılıb.

1950 - Xalq artisti, aktyor Arif Quliyev anadan olub. "Bəyin oğurlanması", "Bəxt üzüyü", "O dünyadan salam" filmlərində, "Evləri köndələn yar", "Yarımştat" və s. televiziya tamaşalarında çəkilib. Musiqili Komediya, Milli Dram və İrəvan Azərbaycan Dram teatrlarında işləyib.

1953 - Məşhur irlandiyalı aktyor Pirs Brosnan (Pierce Brendan Brosnan) anadan olub. "Agent 007" seriyasından dörd filmdə (o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə neft kəmərindən bəhs edən "Bütün dünya da bəs etməz" (1999) filmində) çəkilib.

1966 — Çin Kommunist Partiyası ölkədə "Mədəni İnqilab"ın əsasını qoyan "16 may bildirişi"ni yayımlayıb.

1966 - Amerika estrada müğənnisi Canet Cekson (Janet Damita Jackson) anadan olub. Dünya pop-musiqisinin ulduzu Maykl Ceksonun bacısıdır.

1992 – Azərbaycanda baş vermiş hakimiyyət çevrilişi parlament müstəvisində rəsmiləşib. Ali Sovet Ayaz Mütəllibovu prezident postunda bərpa etmək barədə 14 may tarixli qərarını ləğv edib. De-fakto hakimiyyəti ələ almış Xalq Cəbhəsinin təzyiqi ilə Ali Sovet sədrinin 1-ci müavini Ziyad Səmədzadə istefa verib, bu vəzifəyə Tamerlan Qarayev (parlament sədrinin müavini idi) seçilib. İki gün sonra Ali Sovetin sədri və prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədov da vəzifəsini tərk edib.

1992 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (13.4.1917 - 1992) vəfat edib. "Bəxtiyar", "Qızmar günəş altında", "Bir qalanın sirri", "Bizim Cəbiş müəllim", "İnsan məskən salır", "Həyat bizi sınayır", "Onun bəlalı sevgisi", "Nizami" və s. filmlərin quruluşçu operatorudur.

1997 – Milli Məclis "Avropada adi silahlı qüvvələr haqqında" müqavilənin Cinah Sazişini ratifikasiya edib. 1990-cı ildə "Varşava bloku" (Sovet İttifaqı və müttəfiqləri) və NATO arasında bağlanmış müqavilənin Cinah Sazişi keçmiş SSRİ-nin adi silah (raketlər və nüvə silahı istisna olmaqla) arsenalının yeni müstəqil dövlətlər arasında kvota bölgüsünü yekun olaraq təsbitləyirdi. Bölgüyə əsasən, Azərbaycan, Ermənistan və Gürcüstan eyni miqdarda silah kvotası (220 tank, 220 zirehli texnika, 285 artilleriya qurğusu, 100 hərbi təyyarə və 50 vertolyot) nəzərdə tutulmuşdu.

2003 — Mərakeşin Kasablanka şəhərindəki terror aktları nəticəsində 33 mülki şəxs və 14 terrorçudan 12-si həlak olub.