“Riqalılar Bakı mənzərələrindən zövq alacaq” – Diaspor rəhbəri

Bu gün Latviya paytaxtında “Bakı ritmləri Riqanın qəlbində” fotosərgisi açılıb. Sərgi Riqa meriyasının, Latviya Xarici İşlər Nazirliyinin və Azərbaycan səfirliyinin dəstəyi ilə təşkil olunub.


AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda məlumatı "Ocaq" Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbəri, Latviya Prezidenti yanında Milli Azlıqların İşləri üzrə Məsləhət Şurasının sədri Roman Əliyev yayıb.

Onun sözlərinə görə, sərgi təşkil etmək ideyası şəhər rəhbərliyi, xüsusən onun vitse-meri Andris Ameriksin və meriyanın Daşınmaz Əmlak Departamentinin direktoru Oleq Burovun Azərbaycan mədəniyyətinə səmimi və mehriban münasibəti sayəsində yaranıb:
"Onlar Azərbaycan səfirliyinin dəstəyi ilə Riqanın ürəyi sayılan Köhnə şəhərdə bu fotosərginin açılması üçün böyük iş görüblər. Şəhərin qonaqları, həmçinin paytaxt sakinləri inkişaf edən, yeni mədəniyyət və idman layihələri ilə gələcəyə doğru addımlayan Bakı mənzərələrindən zövq alacaqlar".

R.Əliyev qeyd edib ki, "Bakı ritmləri Riqanın qəlbində" sərgisi iki ölkə və xalq arasında dostluğa sanballı töhfədir.

Azərbaycan paytaxtı Bakının təkrarolunmaz simasını, Şərq ilə Qərbin mədəni irsinin çulğalaşmasını əks etdirən fotosərgi üç həftə ərzində nümayiş olunacaq.
image description image description