I Avropa Oyunlarına dəstək üçün - JURNAL

Bakı I Avropa Oyunlarına dəstək məqsədilə nəşr olunan buraxılışı “Nəqliyyat hüququ” Jurnalının kollektivi ərsəyə gətirib

Bakının yenilənmiş nəqliyyat infrastrukturuna dair xüsusi buraxılış hazırlanıb


AzNews.az xəbər verir ki, "Nəqliyyat hüququ" Jurnalının redaksiyası Azərbaycanın, xüsusilə Bakı şəhərinin yenilənmiş nəqliyyat infrastrukturuna həsr edilmiş xüsusi buraxılış hazırlayıb. Jurnalın Redaksiya heyətinin üzvü, Daxili İşlər Nazirliyinin əməkdaşı, hüquqşünas Etibar Əliyev bildirib ki, nəşr Bakıda keçiriləcək I Avropa Oyunlarına töhfə olaraq ərsəyə gətirilib: "20 səhifədən ibarət olan nəşrdə "Bacubus" MMC-nin I Avropa Oyunları üçün nəzərdə tutulan avtobus deposu və fəaliyyət proqramı, Bakı-Sumqayıt –Bakı dairəvi dəmir yolu xətti, Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol nəqliyyat infrastrukturu, həmçinin, I Avropa Oyunları dönəmində nəqliyyat sisteminin tənzimlənməsi formaları barədə oxuculara geniş bilgi verilir. Vəsaiti oxuyan sürücü və sərnişinlər həm Oyunların davam etdiyi dövrdə rahat marşrutlar seçmək üçün bilgi əldə etmiş olacaqlar, həm də bilgili olduqlarından bu dənəmdə nəqliyyat sisteminin tənzimlənməsi üçün zəruri töhfələr verə biləcəklər".

Etibar Əliyev bildirib ki, vəsait KİV redaksiyalarına, QHT ofislərinə, I Avropa Oyunlarını izləmək üçün gəlmiş xarici və yerli vətəndaşlara pulsuz olaraq paylanılacaq. Əlavə maraqlananlar, vəsaiti əldə etmək üçün "Nəqliyyat hüququ" Jurnalının redaksiyasına müraciət edə bilərlər.

Qeyd edək ki, "Nəqliyyat hüququ" Jurnalı Milli Aviasiya Akademiyası, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası İctimai Birliyi və Etibar Əliyevin təsisçiliyi ilə yaradılmış, elmi, nəzəri, təcrübi materiallar yayan nəşrdir.