Qəbələ Beynəlxalq Musiqi Festivalı başladı - Foto

İyulun 25-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub.


AzNews.az-ın Azərtac-a istinadən xəbərinə görə Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzinin qarşısındakı parkda keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub.

Məktubda deyilir: "Əziz dostlar! Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən öz qapılarını iştirakçılarının və qonaqlarının üzünə açır. Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir. Bu gün qala divarlarının və məbədlərin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin-Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır. Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır. Fərəhləndirici haldır ki, iyun ayında ilk dəfə olaraq keçirilən Avropa Oyunlarına ev sahibliyini məhz Azərbaycan etmişdir. Azərbaycan birinci Avropa Oyunlarının açılış mərasimində tarixini, mədəniyyətini, musiqisini, müasirliyini dünyaya təqdim edə bildi. Açılış mərasimində Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri səslənərək Azərbaycan musiqisini bütün dünyada bir daha tanıdaraq, möhtəşəmliyini növbəti dəfə vurğuladı. 2009-cu ildə Qəbələdə musiqi festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırır. Qəbələ bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilmişdir. Festival Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisəyə çevrilmişdir. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhvəsini verir. Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir. Bütün iştirakçılara və qonaqlara uğurlar və festivalımızın heyranedici mühitində xoş ünsiyyət arzulayıram".

Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxış edərək bu möhtəşəm musiqi bayramında iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən ölkəmizə gəlmiş bütün qonaqları, istedadlı ifaçıları, musiqiçiləri Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adından salamlayıblar. Bildiriblər ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir.

Çıxışlardan sonra İtaliya Simfonik Orkestrinin möhtəşəm konserti olub.

İyulun 31-dək davam edəcək VII Beynəlxalq Musiqi Festivalında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.