Mobil telefonlar və siqaretlər aşkarlanıb

Kərbəla ziyarətindən qayıdan Azərbaycan vətəndaşlarının avtomobili yoxlanılıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından gələn BA999KU dövlət nömrə nişanlı "Mercedes Benz" və 90 CD 920 dövlət nömrə nişanlı "SETRA S215 HD" markalı avtobusların sərnişinləri, Ərbəin (Kərbəla) ziyarətindən qayıdan Azərbaycan vətəndaşları - Süleyman Kərimov və Fairə Məmmədovaya məxsus əl yüklərinə baxış keçirilib.

Gömrük Komitəsində AzNews.az-a verilən məlumata görə, rentgen aparatından keçərkən S.Kərimovun əl yükünün içərisində rəngli fonda cizgilər müşahidə edilib. Yoxlama zamanı vətəndaşa məxsus 6 paketdə əvvəlcədən gömrük nəzarətinə bəyan olunmamış 15 "Samsung" markalı mobil telefon, 22 "Samsung" markalı mobil telefon üçün qulaqlıq, 18 üzərində "Samsung" yazılmış enerji yükləyicinin başlığı, 17 "USB" kabeli və mobil telefon üçün 72 aksessuar (telefon saxlamaq üçün dayaq) aşkar edilib.

F. Məmmədovanın əl yükündən isə gömrük nəzarətindən gizlədilmiş, aksiz markası olmayan 4200 ədəd "Cavallo" adlı siqaretlər aşkarlanıb.

Nigar CƏFƏR

AzNews.az

image description