Mehdi Cəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib Mehdi Cəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib

“İçki düşkünü idi, anamı tez-tez döyərdi” - Atasını öldürən şəxsin həyat hekayəsi…

Mehdi Cəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib

Doğma atasını öldürən şəxs azadlığa çıxmaq istəyir.

AzNews.az-ın məlumatına görə, Cəlilov Mehdi Fərəc oğlu cəzasının 3/2-ni çəkdikdən sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçmək üçün Nərimanov rayon Məhkəməsinə müraciət edib. Fevral ayının 1-də hakim Samir Məmmədovun sədrliyi ilə Mehdi Cəlilovun məhkəmə prosesi baş tutacaq.

Xatırladaq ki, dəhşətli qətl hadisəsi 2011-ci ilin dekabr ayında törədilib. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, dekabrın 23-də Rəsulzadə qəsəbəsi Qayıbov küçəsinin sakini, 1981-ci il təvəllüdlü Cəlilov Mehdi Fərəc oğlu atası, 1956-cı ildə anadan olmuş Cəlilov Fərəc Cəlil oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Məlumata görə, 30 yaşlı M.Cəlilov atasının Binəqədi rayon 6-cı mikrorayon ərazisində işlədiyi avtomobil dayanacağına gəlib və onunla mübahisə edib. Daha sonra M.Cəlilov onun boyun və kürək nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirib. 55 yaşlı F.Cəlilov hadisə yerindəcə keçinib. Hadisəni törədən oğul tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.

Mehdi Cəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə dindirilən zaman M.Cəlilov bildirib ki, bir bacı, bir qardaş olublar: "Bizə anamız baxırdı, atamız baxmırdı. Anamın həmişə gözü yaşlı idi. Atam içki düşkünü olub. Anamı döyərdi, dava edərdi. Məndə yığıldı bu stress, atamı öldürdüm. Həmişə deyərdik ki, içmə. Evi sındırıb dağıdırdı. Nə qazanırdısa, içkiyə verirdi. Çox hirslənirdim. Deyirdim ki, böyüyəcəm, qisas ala biləcəm. Atam həbsxanaya düşdü. Çıxandan sonra 2 bacım, 1 qardaşım da dünyaya gəldi. Ailəmiz artdı. Atam içkini yerə qoymurdu. Taksi işləyirdi. İçirdi, özünü idarə edə bilmirdi. Anam işləməyəndə dayılarım, əmilərim kömək edirdi. Özümüz də işləyirdik. İşdən gəldim ki, atam içib evi dağıdıb. Getdim maşın dayanacağına ki, dostlarıyla içir. Çağırdım ki, çölə çıx işim var səninlə. Dedi ki, yox. Mən yenə dedim, yox dedi. Onda əsəbiləşdim cinayəti törətdim. Özünə demişdim ki, səni öldürəcəm, içmə. Vicdan əzabı çəkirəm. Doğma atamdı. Amma həm peşmanam, həm də peşman deyiləm. Ailəmi xilas etmişdim. Qıraqdan baxıb qınayanlar bilmirlər ki, niyə öldürmüşəm".

Azər
AzNews.az